Şrift:
"Sepah"ın vurduğu Ukrayna sərnişin təyyarəsi ilə bağlı yeni detallar üzə çıxıb
22.05.2020 [09:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Sepah" terror təşkilatının 2 raketlə vuraraq göyərtəsində olan 176 nəfəri öldürdüyü Ukyana təyyarəsi ilə bağlı yeni detallar üzə çıxıb.



Bu barədə məlumat yayan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin rəhbəri Aleksandr Rovin raketlərin təyyarə dəyməsindən əvvəl sərnişinlərin öz oturacaqlarından qalxdıqlarını deyib. Hansı ki, beynəlxalq aviasiya qaydalarına əsasən, təyyarənin 4 min metr məsafəyə qədər qalxmasında qabaq bu hal qadağandır. O, həmçinin qeyd edib ki, təyyarədə 176 sərnişinin olmasına rəğmən, qalıqlar arasından yalnız 4 oturacaq tapılıb.



Rəsminin sözlərinə görə, raketlərin təyyarəyə dəyməsindən öncə içəridə təlatüm yaşanıb və sərnişinlər qorxudan hamısı oturacaqlarından ayağa durublar. Eləcə də, raketlər dəyəndən sonra təyyarənin içində güclü alov yaranıb və meydana gəlmiş dəliklərdən çölə doğru qara tüstü yayılmağa başlayıb.



Aleksandr Rovin əlavə edib ki, raketlərin dəyməsindən sonra təyyarə 3.5 dəqiqə havada qalıb və sonra yerə çırpılıb.



Xatırladaq ki, "Sepah" terror təşkilatının yanvarın 8-də Tehran səmasında Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini iki raketlə vurması nəticəsində 176 nəfər faciəvi şəkildə ölmüşdü. İran hadisəni 3 gün gizlədib, bunu texniki nasazlıq səbəbindən baş vermiş qəza kimi təqdim etsə də, beynəlxalq təzyiqlər qarşısında təyyarənin vurulmasını etiraf etməyə məcbur qalmışdı.



Rəsmi Tehran bu günə qədər təyyarənin qara qutusunu Ukrayna tərəfinə vermək və ədalətli araşdırmaların aparılmasına şərait yaratmaqdan boyun qaçırır. Lakin rəsmi Kiyev hadisənin bütün motiv və detallarının üzə çıxacağı, həmçinin günahkarların cəzalandırılmasına qədər lazım olan bütün addımları atmaqdan geri çəkilməyəcəyini bəyan edir.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed