Şrift:
“Vətəndaş” tipli “Asan İmza” xidmətini ödənişsiz əldə etmək mümkün olacaq
22.05.2020 [10:43] - Gündəm, Sosial
COVID-19 epidemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq Azərbaycanda rəqəmsal iqtisadiyyatın sürətli inkişafı və vətəndaşların dövlət və özəl sektorların elektron xidmətlərinə geniş əlyetərliyinin təmin edilməsi zəruridir.

Rəqəmsal iqtisadiyyat mexanizmlərinin təmin edilməsi və əlverişli investisiya mühitinin yaradılması, eləcə də ən son innovasiyaların tətbiqi və əhalinin bu innovasiyalara kütləvi əlyetərliyinin təmin edilməsi üzrə ölkənin dünya liderləri sırasına daxil olması üçün dövlət tərəfindən qarşıya qoyulan məqsədə nail olunmasına dəstək məqsədilə “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən B.EST Solutions şirkəti 2020-ci il 20 iyun tarixindən etibarən “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətini respublika vətəndaşları üçün (“Vətəndaş” tipli “Asan İmza” xidməti) 3 il müddətinə ödənişsiz təqdim etmək qərarına gəldi.

B.EST Solutions şirkətindən bildirilib ki, vətəndaşlar üçün “Asan İmza” xidməti onlara sosial sığorta, pensiyalar, sosial müavinətlər kimi elektron xidmətlərə uzaq məsafədən əlyetərlikdən əlavə nağdsız ödənişlərdən, onlayn kreditləşmələrdən, notariuslardan və s. kütləvi istifadə imkanı yaradacaq. Bu da öz növbəsində şəffaflığı artıracaq, vaxt və resurslara qənaət edəcək və vətəndaşları lazımsız bürokratiyadan azad edəcək. Xatırladaq ki, əvvəllər bu xidmətin aktivləşdirilməsi ödənişli olub və 18 AZN təşkil edib. Qeyd etmək lazımdır ki, "Asan İmza" xidmətinin sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan "Biznes" və "Dövlət" tiplərinin qiyməti, həmçinin “Asan İmza” istifadəçilərinin bütün kateqoriyaları üçün aylıq abunə haqqı dəyişilməz olaraq qalır. “Asan İmza” xidmətini mövcud mobil nömrədə aktivləşdirmək olar və yeni bir nömrənin alınmasına ehtiyac yoxdur.

B.EST Solutions şirkəti 10 ildən artıqdır ki, Azərbaycan bazarında fəaliyyət göstərir və bütün resurslarını rəqəmsal iqtisadiyyatın inkişafına və innovativ həllərə sərmayə qoyaraq, “Asan İmza”nı respublika üzrə 1000-dən çox elektron xidmətə ödənişsiz inteqrasiya edib. Bütün xidmət provayderləri üçün inteqrasiya və texniki dəstək məsləhətləri də ödənişsizdir. Bu qərarın verilməsində əsas prioritet vətəndaşlarımızın fərdi məlumatlarının və dövlət məlumat sistemlərinin ən yüksək səviyyədə məxfiliyini təmin etməklə, bütün Azərbaycan vətəndaşlarına istənilən onlayn əməliyyatları, nağdsız ödənişləri həyata keçirmək üçün ən yüksək dünya standartlarına cavab verən təhlükəsizlik vasitələri ilə təmin etməkdir.

“Şirkətimiz Azərbaycanda kiçik biznes kateqoriyasına aiddir. Biz, vətəndaşlarımızın innovativ xidmətlərə maksimum əlyetərliyinin təmin edilməsinin nə qədər vacib olduğunu başa düşürük. Azərbaycan vətəndaşı və dövlətimizin dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi üçün islahatlar hər zaman prioritet məsələlərimizdən olub. Biz bütün resurslarımızı beynəlxalq təşkilatlar və ölkələr tərəfindən dünya miqyasında qəbul edilən və tanınan “Asan İmza” - “ Made in Azerbaijan” milli brendinə investisiya edirik. Vətəndaşlarımız üçün ödənişsiz “Asan İmza” mobil elektron imza xidmətinin tətbiqi ilə yanaşı şirkətimizin rebrendinqini də həyata keçirdik. Bununla da fəaliyyətimizin yeni rəqəmsal mərhələsinə daxil olmağı və Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaş və əcnəbilər üçün innovasiyaya əlyetərlik imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəflədik”, deyə BEST Solutions şirkətinin direktoru və təsisçisi Jana Krimpe bildirib.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed