Şrift:
Düşmənlə üz-üzə - Çıraqlıdan reportaj
22.05.2020 [14:09] - Gündəm, Hərb
Çıraqlı kəndi Ağdam rayonunun təmas xəttinə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrindədir. Ermənistan silahlı birləşmələri 1994-cü ildə kəndi işğal etsə də, Azərbaycan Ordusu tərəfindən azad olunub. İşğal altındakı Baş Qərvənd, Bayramlar, Cəvahirli, Şıxlar və Güllücə kəndlərinin əhatəsində, təmas xəttinin bir neçə yüz metrliyində yerləşən bu kənd daim atəşə məruz qalsa da, düşmən qarşısında məğrur dayanıb. İşğalçılara qarşı igidliklə döyüşən kənd sakinlərindən 3 nəfəri şəhid olub. Düşmənin atəşi nəticəsində dinc sakinlərdən 1 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Bu gün kənddə hər addımbaşı müharibənin izləri ilə qarşılaşmaq olur. Kəndin təmas xəttində çox yaxın məsafədə yerləşməsi və vaxtaşırı atəşə məruz qalması doğma yurda, torpağa bağlı sakinləri qorxutmur. Kənddə həyat hər zaman öz axarı ilə davam edir. Qəhrəman kənd sakinləri ilə həmsöhbət olub.

Sakinlər yaz qayğıları ilə məşğuldurlar

Çıraqlı kəndində əhalinin əsas məşğuliyyət növləri heyvandarlıq və əkinçilikdir. Kənddə əsasən buğda, arpa, tərəvəz, pambıq və heyvanların yem təminatı üçün yonca əkilib-becərilir. Hazırda yaz-tarla işlərinin qızğın çağıdır. Kənd sakinləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. İlk müsahibimiz - öz əkin sahəsində təsərrüfat işləri ilə məşğul olan Qüdrət Əhmədov atəşkəsin tez-tez pozulmasının, düşmən mövqelərinin kəndə çox yaxın məsafədə olmasının onları ruhdan salmadığını bildirib: “Düşmən atəşkəsi tez-tez pozur. Lakin bu bizi qorxutmur. Qüdrətli ordumuza güvənərək, öz sahəmdə soğan, kartof, yonca və taxıl əkmişəm. Bitkiləri becərmək üçün su və texnika sarıdan çətinliyimiz yoxdur. Kənddə hər bir kəs gündəlik işi ilə məşğuldur".

Evlərin qarşısında divarlar ucaldılıb, düşmən mövqelərinə tərəf olan pəncərələr daşla hörülüb

Çıraqlı kəndi 27 ildir ki, erməni təxribatı ilə üzləşir. Sakinlər ermənilərin atdığı güllələrdən qorunmaq üçün evlərinin qarşısında divarlar tikib, düşmən mövqelərinə tərəf olan pəncərələrini daşla hörüblər. Əhalinin təhlükəsizliyinin təmin olunması üçün bir neçə il əvvəl dövlətimiz tərəfindən kəndin təmas xəttinə tərəf olan hissəsində istinad divarları da çəkilib.

Kənd sakini Fikrət Məmmədov güllə yerlərini göstərərək deyib: "Görürsünüz, darvazalarda, divarlarda düşmən atəşinin nəticəsi olan güllə, qəlpə izləri var. Uzun illər biz bu vəziyyətdə - düşmənin gülləsi altında, çətin şəraitdə yaşamışıq. Buna baxmayaraq öz evimizi, kəndimizi tərk etməmişik. Dövlət tərəfindən istinad divarları hörüldükdən sonra təhlükəsizliyimiz təmin olunub. Lakin bu bizi arxayın etməməlidir. Necə deyərlər “itlə yoldaşlıq et, amma çomağını yerə qoyma”. Ordumuz bizim müdafiəmizdə ayıq-sayıq dayanıb. Biz də ordumuza arxayın olaraq kəndimizdə yaşayırıq".

Düşmən mövqeləri ilə məsafənin çox yaxın olması Çıraqlı kəndinin balaca sakinlərini də qorxutmur. Səkkizinci sinif şagirdi Əmrah Şükürov deyib: "Bizim evimizə dəfələrlə güllə dəyib. Əvvəllər atışma olanda qorxurduq. Artı q öyrəşmişik".

Cəbhə kəndi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Digər cəbhəyanı kəndlər kimi, Çıraqlıda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Kənd sakini Mötəbər Şükürov bildirib ki, düşmən 1994-cü ildə Çıraqlını işğal etsə də, kənd elə həmin gün ordumuz tərəfindən azad olunub və sakinlər öz evlərinə qayıdıblar: "Atəşkəsin tez-tez pozulması nəticəsində mülki əhalidən ölən və yaralananlar olub. Erməni işğalçılarının atəşkəsi pozması əhalinin təsərrüfat işlərinə təsir edir. Lakin düşmənin atəşi ordumuz tərəfindən daim susdurulur. Düşmənin atəşi nəticəsində kənddə zərər çəkmiş evlər bərpa və təmir edilib. Yaşayış məntəqəsində əhalinin su, qaz və elektrik problemləri həll olunub. Kəndə asfalt yol çəkilib".

Söhbət etdiyimiz hər bir sakində nikbinliyin və yüksək əhval-ruhiyyənin şahidi olduq. Düşmən qarşısında qürurla dayanan Çıraqlıdan və torpağına, yurduna bağlı bu qəhrəman kənd sakinlərindən xoş hisslərlə ayrıldıq.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed