Şrift:
Əli Xamneyi ilk dəfə olaraq Fələstini Osmanlı torpaqları adlandırıb
23.05.2020 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın "dini lider"i Əli Xamneyi bu gün "Qüds günü" ilə əlaqədar etdiyi canlı televiziya çıxışında ilk dəfə olaraq Fələstini Osmanlı imperiyasının torpaqları adlandırıb.



"1-ci Dünya Müharibəsində qalib gəlmiş ölkələr Asiyanın Qərbini, yəni Osmanlı hökumətinin Asiya torpaqlarını Paris sülh müqaviləsi əsasında mühüm müharibə qəniməti kimi öz aralarında bölüşdülər", - deyə Xamneyi çıxışında bildirib.


O, həmçinin çıxışı zamanı Fələstində fəaliyyət göstərən terror təşkilatları və yaraqlı qruplaşmaları İsrail əleyhinə fəaliyyətlərini daha da şiddətləndirməyə çağırıb. "Dini lider" əlavə edib ki, "Fələstin qruplaşmalarının ən böyük problemi silah çatışmazlığıdır" və İran bu istiqamətdə əlindən gələn köməyi edəcək.



Ötən gecə bu istiqamətdə "Qüds Qüvvələri"nin öldürülmüş komandanı Qasım Süleymanının "Twitter" hesabında "Fələstin İslami Cihad Hərəkatı"nın baş katibi Ziyad Noxalənin dilindən Süleymaninin Qəzza zolağına necə silah göndərməsi ilə bağlı video yayınlanıb.



Xamneyi bu günki çıxışı zamanı bəzi ərəb və region ölkələrinin İsraillə əlaqələri normallaşdırmağa çalışmasını da kəskin tənqid edərək, onları "Amerikanın əlaltıları" adlandırıb.



O, sonda yenidən "İsrailin məhv olması" kimi fikirlərini dilə gətirib.



Qeyd etmək lazımdır ki, son günlər Xamneyinin İsrailə qarşı kəskin çıxışları artıb. Dünya liderlərindən bir çoxu onun bu cür fikirlərini yəhudi düşmənliyi adlandırıblar.



Digər tərəfdən, İran öz geostrateji maraqlarını həyata keçirmək üçün “İsrail və Qərblə düşmənlik” adı altında regionda fəaliyyət göstərən müxtəlif terror təşkilatlarına maddi və hərbi yardım göstərir. Bu istiqamətdə Tehran rejimi bu günə qədər Həmas kimi qruplaşmalara on milyardlarla dollar pul və silah-sursat yardımı edib.



Bundan əlavə, uzun illərdir öz əhalisinin ağır vəziyyətdə yaşamasına rəğmən, İran təkcə ötən il ramazan ayında hər gün 20 min fələstinliyə iftar süfrəsi, “Qüds günü”ndə Qəzza zolağında ölənlərin ailələrinin hər birinə 651 dollar pul verib, eləcə də İsrail həbsxanalarından azad edilən fələstinlilərə mənzillər tikərək pulsuz paylayıb.
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed