Şrift:
Türkiyədə koronovirusun ölənlərin sayı dörd min nəfəri ötüb
24.05.2020 [11:23] - Gündəm, Sosial
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq yoluxmaların gündəlik aşkarlanması və ölüm halları davam edir.

Türkiyənin Səhiyyə Nazirliyi xəbər verir ki, mayın 23-də ölkə üzrə 40 min 178 nəfər testdən keçirilib. Onlardan 1186 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1491 nəfər sağalıb, 32 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 117 min 602, ölənlərin sayı isə 4 min 308 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 807 min 673 nəfər testdən keçirilib. Hazırda 775 nəfər reanimasiyada, 388 xəstə süni nəfər aparatına qoşulmuş vəziyyətdədir.

Qeyd edək ki, həyata keçirilən tədbirlər çərçivəsində növbəti dəfə komendant saatı tətbiq olunub. Əvvəlki vaxtlardan fərqli olaraq budəfəki komendant saatı rejimi 31 vilayəti yox, bütün ölkəni əhatə edir. Mayın 23-də yerli vaxtla saat 00.00-dan qüvvəyə minən sosial rejim qaydası dörd gün davam edəcək. Komendant saatına nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir.

Məlum pandemiya ilə əlaqədar vətəndaşların saxlandığı yataqxanalar tamamilə boşaldılıb. Bu günə qədər ölkə üzrə 76 şəhərdə yerləşən yataqxanalarda ümumilikdə 77 min 441 nəfər karantin həyatı yaşayıb. Karantində saxlanılanlar xaricdən gətirilənlər olub. Pandemiya ilə mübarizənin ikinci mərhələsinə dair proqrama əsasən gediş-gəlişdəki məhdudiyyətlər aradan qaldırılandan sonra ölkəyə gələnlər gömrük-keçid məntəqələrində yoxlanılacaq və ev şəraitində məcburi qaydada iki həftəlik karantin yaşayacaqlar.

Məlum problem qardaş ölkədəki azərbaycanlılardan da yan keçməyib. İndiyədək Türkiyədə 28 vətəndaşımız infeksiyaya yoluxub. Bu günədək həmin xəstələrdən beşi vəfat edib. İnfeksiyaya yoluxan vətəndaşlarımızın əksəriyyətinin müalicəsi uğurlu olub.
Bu xəbər oxucular tərəfindən 194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed