Şrift:
Ramazan və biz
24.05.2020 [12:42] - Gündəm, Sosial
Orta məktəb illərində görürdüm ki, ən çox tənqidə məruz qalan din adamlarıdır. Amma səbəbini bilmirdim. Müxtəlif vəzifə sahibləri məhərrəmlik və orucluq günlərində qəzet səhifələrində İslam dininə hər cür böhtanlar atırdılar. Həkimlər oruc tutmağı insanın sağlamlığı üçün ən böyük təhlükə sayırdılar. Öz-özümə fikirləşirdim: əgər həkim məsləhəti doğrudursa, onda kəndin yaşlı adamları niyə bu məsləhətə qulaq asmırlar? Yox, əgər kənd camaatının hərəkəti doğrudursa, onda həkimlər niyə yalan danışırlar? İllər keçəndən sonra məlum oldu ki, həkimlər öz sözünü yox, Allahsız hökumətin iradəsini ifadə edirlərmiş. Sovet dövləti mövcud olduğu 70 il ərzində İslama qarşı Kommunist partiyasının rəhbərliyi altında hər cür mübarizə apardı. İslam əxlaqı üzərindən xətt çəkilir, hər şeyə xurafatçı mövqedən qiymət verilirdi. 1920-ci ilin aprel işğalından sonra hətta çar Rusiyası dövründə mövcud olan dini təsisatlar ləğv edildi, din adamlarına qarşı amansız repressiyalar həyata keçirildi.

Bu fikirlər Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “Ramazan və biz” adlı məqaləsində yer alıb.

Məqalədə deyilir: “Səkkizinci sinifdə Anri Massenin “İslam” əsərini oxudum. Əsər mənə maraqlı gəldi, amma çox şeyi başa düşmədim. Orta məktəbi bitirənə qədər bu əsəri bir neçə dəfə oxudum. Massenin İslamla bağlı yazdıqları ilə gündəlik həyatda gördüklərim üst-üstə düşmürdü.

Uşaq ikən aşağıdakıların şahidi olurdum:

Valideynlərim gündə üç vədə namaz qılır, Ramazan ayında oruc tutur, Məhərrəmlikdə İmam Hüseyn (ə) təziyəsini saxlayırdılar. Uşaq yaşlarında namaz qılmağın, oruc tutmağın mahiyyətini başa düşməsəm də, ibadətim valideynlərim tərəfindən təqdir olunurdu. Yeməyə başlamazdan əvvəl “Bismillah” deməli, yemək bitəndən sonra Allaha şükür etməli idik. Hər dəfə evə daxil olanda və ya yolda özündən yaşca böyüklə qarşılaşanda salam verməli idik. Dilinə söyüş gətirmək, yalan danışmaq ən böyük günah sayılırdı. Böyüklərin qulluğunda durmalı, kiçiklərə qayğı göstərməli idik. Həyatımın əsas qayəsinə çevrilən halal və haramın nə olduğunu ailəmdən öyrəndim. Seyyidlər nə üçün hamı tərəfindən ehtiramla qarşılanır, nə üçün onlar hamıya nümunə olmalıdır, bunları da anam mənə öyrətdi (anam seyyid-peyğəmbər övladı idi). Amma ali məktəb tələbəsi olana qədər İslamla bağlı bildiklərim çox az idi.

Beş il tələbəlik illəri savadla yanaşı, bizi dünyagörüşü sahibi etdi. İkinci kursda Səlib müharibələrini keçərkən oxuyurduq: Avropalılar bir çox şeyləri müsəlmanlardan öyrəndilər. Sovet dönəmində oruc tutmaq, namaz qılmaq, məscidə getmək, təkyə qurmaq qanunla qadağan idi. Elə məmurlar var idi ki, onlar öz insanlıq ləyaqətini bu çətin günlərdə də qoruya bildilər.

Məktəb illərində məhərrəmlik vaxtı ehsan verilən günləri xatırlayıram. Məktəbin yanında rəhmətlik Səfərin geniş həyəti var idi. Yağış olmayan gün həyətdə həsir sərir, şagirdləri ehsana çağırırdılar. Həmin saatlarda məktəbin direktoru Fazil müəllim görünməzdi. Soruşanda deyirdilər ki, rayon mərkəzinə maarif şöbəsinə iclasa gedib. Zaman keçəndən sonra anladım ki, Fazil müəllim bizi ehsandan məhrum etməmək və özünü partiya cəzasından qorumaq üçün bir neçə saatlığa diqqətdən uzaqlaşırmış. Allah rəhmət eləsin! Sovet dönəmində Kolatan orta məktəbinin müəllimləri dini dəyərlərin qorunması ilə bağlı mübarizədən üzüağ çıxdılar.

Ramazan ayını yaşadığımız üçün orucluqla bağlı bəzi mülahizələrimi sizinlə bölüşməyi qərara aldım.

Dünyanın sonuncu səmavi dini İslamdır.

İslam dininin beş vacib əməlindən biri oruc tutmaqdır. Hər bir insanın öz ruhu və mənəviyyatı ilə bağlı dəyərlərini öndə tutması vacib məsələlərdəndir. Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayında oruc tutmaq həmin ali dəyərlərdən biridir. Allaha və onun müqəddəs dininə iman gətirən hər bir şəxs öz iradəsini toplayaraq bu ay ərzində səhərdən axşama kimi yemək və içməkdən imtina edərək oruc ibadətini yerinə yetirməlidir.

Oruc tutmağın həm tibbi, həm ictimai, həm də mənəvi baxımdan çox faydaları var. Orucun tibbi faydaları aşağıdakılardan ibarətdir:

Bir il ərzində ardıcıl fəaliyyət göstərən həzm sistemi oruc tutmaq sayəsində dincəlir, yeni qüvvə toplayır. Bədəndə yığılan, müxtəlif xəstəlik mikrobları üçün əlverişli inkişaf məkanına çevrilən zərərli piylər orucluq zamanı əriyib azalır. Oruc dalaq, ürək, qan-damar sisteminin genişlənməsinə müsbət təsir göstərir. Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və normal fəaliyyətini bərpa edir. Eyni zamanda, maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır, nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Məhəmməd Peyğəmbər (s) bunu nəzərdə tutaraq buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız”. Əlbəttə, oruc tuta bilməyən xəstə şəxslər bu məsuliyyətdən azaddırlar, amma sağalandan sonra həmin günlərin əvəzində orucunu tutmalıdırlar.

Oruc insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır, siniflər və təbəqələr arasında ayrı-seçkiliyi aradan qaldırır. İmkanlı adamlar bir ay ac qalmaqla kasıbların halını yaxından duyur, onların aclıq və məhrumiyyətlər içində keçən günlərini müvəqqəti də olsa yaşayırlar. Buna görə də onlar imkansızlara qarşı daha şəfqətli, mehriban davranır, xeyriyyəçilik fəaliyyətlərini genişləndirirlər.

Oruc insanın iradəsini möhkəmləndirir, onda mənəvi qüvvə yaradır. Bu mənada, oruc iradə möhkəmliyi üçün bir aylıq imtahandır. Bu bir ay ərzində insan dözümlülüyə, nizam-intizama öyrəşir və bu keyfiyyət onun üçün tədricən vərdişə çevrilir. Dünyada heç bir əxlaq məktəbi və psixoloji proqram insan ruhunu oruc qədər təsir altına ala bilməz.

Oruc insanda müsbət əxlaqi keyfiyyətlərin möhkəmlənib inkişaf etməsinə şərait yaradır. Sübh tezdən axşama kimi Allaha ibadət etmək naminə oruc tutan şəxs bu müddət ərzində orucun zahiri qadağalarına (yeməmək, içməmək və s.) riayət etməklə yanaşı, Allahın bəyənmədiyi bütün naqis hərəkətlərdən uzaqlaşmağa çalışır və gününü Allahın istədiyi tərzdə keçirməyə can atır. Hədislərin birində deyilir: “Oruc tutarkən qulağını və gözünü haramdan uzaq saxla. Əbəs yerə mübahisə etmə. Çalış oruc tutanlara xas olan vüqarı itirməyəsən və oruc tutduğun gün adi günlərdən daha üstün olsun”.

Həzrəti Peyğəmbər (s) bu müqəddəs ayın gəlişini böyük sevinclə ümmətinə xəbər vermiş, bu ay barəsində dəyərli xütbə söyləmişdir. Xütbədə deyilir: “Ey insanlar! Həqiqətən, Allahın ayı (Ramazan) öz rəhmət, bərəkət və bağışlamağı ilə sizə tərəf gəlir. Belə bir ay ki, Allah yanında ayların ən əzəmətlisi, günlərin ən yaxşısı, gecələrin ən üstünü və saatların ən dəyərlisidir.”

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yenidən milli-mənəvi dəyərlərinin sahibi kimi çıxış etməyə başladı. Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət-din münasibətlərinin tənzimlənməsinin və inkişafının əsası qoyuldu. Dövlət orucluq günlərində dindar əhalisinə qayğı göstərməklə yanaşı, orucluq bayramını dövlət səviyyəsində qeyd etməyə başladı. Respublikamızın hər yerində iftar süfrələri təşkil olunur, ehtiyacı olan insanlar bu mərasimlərin iştirakçısına çevrilir. Bünövrəsini Ulu Öndər Heydər Əliyevin qoyduğu, hazırda dövlət başçısi İlham Əliyevin davam etdirdiyi, müsəlman dövlətləri tərəfindən təqdir olunan, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar mərasimi dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulmasına əyani nümunədir.

Azərbaycan ali məktəblərinin flaqmanı adını böyük şərəflə daşıyan Bakı Dövlət Universiteti milli-mənəvi dəyərlərin təbliği sahəsində müstəqil dövlətimizə yaxından kömək göstərir. Orucluqda iftar süfrəsi, Qurbanda bayram payı, Novruzda bayram xonçası təşkil olunur, çox zaman bu tədbirlər fakültələr və kafedralar arasında bayram yarışlarına çevrilir. Həmin bayram günlərində universitetin yataqxanalarında yaşayan tələbələr və qaçqın ailələri universitet kollektivinin mərhəmət dolu əməlləri ilə əhatə olunurlar.

Bakı Dövlət Universiteti ona qucaq açmış minlərə tələbəsinə yüksək təhsil verməklə yanaşı, onu xalqına, Vətəninə sadiq vətəndaş və milli-mənəvi dəyərlərinə böyük önəm verən ziyalı kimi yetişdirir.

Əziz dindaşlarımız, Ramazan bayramınız mübarək! Gələn il bayram günlərində görüşmək arzusu ilə, İnşallah”.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed