Şrift:
Rusiya sərhədlərimizə "S-400" raketləri yığır.
17.10.2012 [11:28] - Xəbərlər, Hadisə
Kremlin Qafqazın cənubunda təhlükəli hərbi oyunu
400 kilometr məsafədə istənilən hava hədəfini vura bilən raketlərin Azərbaycan və Gürcüstanın hüdudları boyu yerləşdirilməsi təhdid xarakterlidir; bundan əvvəl rusların Ermənistandakı “S-300"lərini də Azərbaycanla sərhəddə yerləşdirdiyi üzə çıxmışdı


Rusiya Azərbaycan və Gürcüstan sərhədlərində “S-400" tipli zenit-raket kompleksləri yerləşdirir. Bu barədə ”İnterfaks" agentliyi Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat katibi, polkovnik İqor Qorbula istinadən xəbər yayıb. Cənub Hərbi Dairəsinə həm də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası daxildir. Polkovnik İ.Qorbulun bildirdiyinə görə, bu ən yeni zenit-raket kompleksləri ilin sonunadək Cənub Hərbi Dairəsinin sərəncamına veriləcək. 400 kilometr məsafədə istənilən hava hədəfini vura bilən raketlərin Azərbaycan və Gürcüstanın hüdudları boyu yerləşdirilməsi təhdid xarakterlidir; bundan əvvəl rusların Ermənistandakı “S-300"lərini də Azərbaycanla sərhəddə yerləşdirdiyi üzə çıxmışdı.

O deyib ki, məqsəd Rusiyanın cənub sərhədlərinin mühafizəsini gücləndirməkdir. Xəbərə görə, Cənub Hərbi Dairəsinə iki “S-400" divizionunun verilməsi nəzərdə tutulub. Hər divizionda 8 raket qurğusu yer alır. İ.Qorbul deyib ki, bundan əlavə, Cənub Hərbi Dairəsinin sərəncamına ”Pantsir-C" raket-artilleriya kompleksləri və yeni radiolokasiya qurğuları veriləcək.

Qeyd edək ki, “S-400" zenit-raket kompleksləri 2007-ci ildə Rusiya ordusunda silahlanmaya qəbul olunub, bu vaxta qədər cəmi 7 divizion ”S-400" raketlərinin döyüş növbəsinə daxil edildiyi bildirilir. Bundan əvvəl “S-400"lər Rusiyanın qərb sərhədlərində - NATO üzvləri ilə həmsərhəd regionlarda yerləşdirilmişdi. İ.Qorbul Azərbaycan və Gürcüstan sərhədlərində ”S-400" raketlərinin “S-300" PMU ”Favorit" komplekslərini əvəz edəcəyini deyib.

“S-400" ”Triumf" zenit-raket komplekslərinin dünyada analoqu mövcud deyil və bu raketlər 400 kilometr məsafədə istənilən hava hədəflərini, o cümlədən ballistik raketləri məhv edə bilir. Bir “S-400" kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Müqayisə üçün deyək ki, ABŞ-ın ”Petriot" raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir.

Artıq birinci dəfə deyil ki, Rusiya hərbi sənayesinin ən yeni məhsulları silahlı qüvvələrin sərəncamına verilən kimi Azərbaycan və Gürcüstan sərhədlərində yerləşdirilir. Bundan əvvəl Rusiya hərbi donanmasının nəhəng “Tatarıstan” raket gəmisi Xəzər dənizində yerləşdirilib. Gəmidə 300 kilometr məsafədə istənilən hədəfi vura bilən raketlər yerləşdirilib. Habelə ötən ay Rusiyanın Dağıstanın Azərbaycan və Gürcüstanla həmsərhəd ərazilərində iri qoşun qruplaşmaları cəmləşdirdiyi məlum olmuşdu. Rusiya həmçinin Dağıstanın Azərbaycanla bilavasitə sərhədlərində “Bal” operativ-taktiki raketlərini yerləşdirib.

Bundan əlavə, Rusiya Ermənistandakı qoşun qruplaşmasını da gücləndirir. Ötən ay Rusiyanın gizli yolla Ermənistana hava-desant qüvvələrinin bir batalyonunu yeritdiyi üzə çıxmışdı. Batalyonun hansı yolla Ermənistana keçdiyi isə qaranlıq qalmışdı. Çünki Gürcüstan öz ərazisindən Rusiya hərbi yüklərini və hərbçilərini buraxmamaq haqda qərar çıxarıb. ABŞ-ın “İMİNT & Analysis” hərbi kəşfiyyat araşdırmaları mərkəzi peykdən çəkilmiş fotoşəkillərlə müəyyən etmişdi ki, Rusiya Ermənistandakı 102-ci bazaya aid olan “S-300" raketlərini Azərbaycanla həmsərhəd Sünik vilayətində yerləşdirib. Mərkəz bildirir ki, 2008-ci ilə qədər Ermənistan İrəvanı havadan müdafiə edən köhnə ”S-125" batareyalarını əvəz etmək üçün ən azı üç “S-300" kompleksi idxal edib. 2010-cu ildə isə Rusiya Sünik əyalətində, Qoris və Kaqnut kəndləri yaxınlığında əlavə olaraq iki ”S-300" sistemi yerləşdirib. Hər iki batareya Dağlıq Qarabağla sərhəddən 7 km aralıdadır. 2011-ci ildə peykdən çəkilmiş təsvirlərə görə, Gorus rayonunda hazırda bir neçə batareya yerləşdirilib. Söhbət təkcə Ermənistanın sərəncamında olan “S-300"lərdən yox, eyni zamanda Rusiyanın bu ölkədəki hərbi bazasına aid olan ”S-300"lərdən gedir.

Bütün bunlar Rusiyanın Qafqazın cənubunda təhlükəli hərbi oyunlarından xəbər verir və Moskvanın məqsədi regionda Avroatlantika kursu seçmiş Azərbaycanla Gürcüstanı təhdid altında saxlamaqdır. Eyni zamanda Rusiyanın sərhədlərimiz boyu strateji silahlar yerləşdirməsi Bakı-Moskva münasibətlərində nəzərəçarpacaq soyuqluqla paralel baş verməkdədir. Qeyd olunmalıdır ki, Azərbaycan da “S-300" PMU ”Favorit" komplekslərinə malikdir və açıq mənbələrdə yer alan məlumatlara görə Rusiyadan belə raketlərdən azı iki divizion alınıb. Digər tərəfdən, Azərbaycan İsrail istehsalı olan ən yeni raketdən müdafiə sistemi komponentləri əldə edib.

F.MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed