Şrift:
18 oktybar dövlət müstəqilliyi günüdür.
17.10.2012 [11:38] - Gündəm, Siyasət
Hacıbaba Əzimov: “Milli Məclisin xəyanətkar qərarı 2006-cı ildən Dövlət Müstəqilliyi Gününü peşə bayramları səviyyəsinə endirib”

Sabah Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. 18 oktyabr 1991-ci ildə Ali Sovetdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar sessiyaya qatılmayıblar. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

18 Oktyabr Dövlət Müstəqilliyi Gününün 21 illiyi münasibətilə bu saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində İstiqlalçı Deputatlar Məclisinin təşkilatçılığı ilə tədbir keçiriləcək. İstiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun verdiyi məlumata görə, bayram tədbirinə siyasətçilər, ziyalılar, deputatlar, jurnalistlər dəvətlidirlər.

18 Oktyabr Dövlət Müstəqilliyi Gününün dövlət səviyyəsində yüksək səviyyədə bayram kimi qeyd olunması və həmin günün qeyri-iş günü olması məsələsi yenidən aktuallaşıb. Son günlər mətbuatda belə məlumatlar yayılıb ki, 18 Oktyabr Dövlət Müstəqilliyi Günü istirahət günüdür. Bu barədə yazanlar Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2012-ci ilin martında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişi əsas kimi göstərirlər. Saziş bildirilir ki, Dövlət Müstəqilliyi Gününün (18 oktyabr) iş günü hesab edilməyən bayram günü kimi qeyd edilməsinə və bununla əlaqədar Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində dəyişiklik edilməsinə nail olunması nəzərdə tutulub.

2006-cı il dekabrın 8-də Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə görə, 18 oktyabr müstəqillik günü istirahət günü kimi qeyd edilmir. Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində 2006-cı ildə həyata keçirilmiş həmin dəyişiklik Milli Məclisdə hələ ki ləğv olunmayıb. Ona görə də 18 Oktyabr Dövlət Müstəqilliyi Günü iş günü hesab edilən bayramlar sırasında qalmaqdadır.

Hacıbaba Əzimov hesab edir ki, Nazirlər Kabineti ya mart ayında qaldırdığı təşəbbüsün reallaşması üçün Milli Məclis qarşısında məsələni ciddi qoymayıb, ya da Milli Məclis rəhbərliyi bu təşəbbüsü yaxına buraxmayıb: “Belə görünür ki, Nazirlər Kabineti Milli Məclisə qanunvericilik təşəbbüsü ilə rəsmi müraciət eləməyib. Dövlət müstəqilliyi günü kimi böyük tarixi günə bu cür laqeydlik heç bir başqa ölkədə yoxdur. Keçmiş sovet respublikalarında dövlət müstəqilliyi günü dövlət səviyyəsində ən yüksək səviyyədə əsas dövlət bayramı olaraq qeyd edirlər. Azərbaycanda isə 18 oktyabrı hətta istirahət günü etdilər. Milli Məclisin xəyanətkar qərarı 2006-cı ildən Dövlət Müstəqilliyi Gününü peşə bayramları səviyyəsinə endirib”.

Dünən 18 oktyabr müstəqillik bayramı məsələsi Milli Məclisin iclasında da müzakirə mövzusu olub. Deputat Fərəc Quliyev 18 oktyabrın qeyri-iş günü kimi qəbul olunmasını təklif edib. Deputat bildirib ki, parlament və hökumət yenidən bu məsələyə baxmalı və münasibəti dəyişməlidir: "Asan qazanılmayan bu müstəqillik, bayram kimi qeyd olunsa da hesab edirəm ki, tutumuna adekvat qeyd olunmur. Bu bayramın keçirilməsinə münasibət dəyişilməlidir. Həm də bu bayramın ərsəyə gəlməsində xüsusi xidmətləri olan istiqlalçı deputatlara münasibət indiki vəziyyətdə qalmamalı, yaxşıya dəyişilməlidir. Cəmi 43 istiqlalçı-siqnator deputatdan 29-u sağdır. Onlardan biri də mənəm. Mənim özümün də siqnator deputat olmağım bu insanların fəaliyyəti, layiq olduğu yer haqda daha dolğun danışmağıma mane olur. Amma mütləq qeyd etməliyəm ki, bu insanlara münasibət davranışlarına adekvat deyil. İstiqlalçı deputatlar arasında yaşlı və xəstələr, təqaüdünün artırılmasına ehtiyacı olanlar var. Bu insanlara imtiyazlar verilməsi, məsələn, avtomobillərin verilməsi, xüsusi təqaüdün ayrılması şox vacib addımlar olardı. Axı onlara münasibət fərdi mahiyyət daşımır. Siqnator deputatlar məhz burada-bu salonda müstəqillik uğrunda ciddi fədakarlıqlar göstəriblər. Azərbaycan Prezidenti Ramil Səfərov haqda təqdir olunası qərarı qəbul etdikdə, onu əhv etdikdə, bu təkcə Ramil Səfərova münasibət olmadı. Davranış ölkədə vətənpərvərlik hissinin xeyli qalxmasına səbəb oldu. Bu jest o demək idi ki, vətənə sahib çıxana, vətən sahib çıxır. İstiqlalçı deputatlara da sahib çıxmaq o demək olacaq ki, “Müstəqillik” kimi dəyərə sahib çıxanlara millət, vətən, dövlət sahib çıxır. İnaniram ki, Milli Məclis rəhbərliyi, ölkə rəhbərliyi bu istiqamətdə müvafiq addımlar atacaqdır. "
Bu xəbər oxucular tərəfindən 1677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed