Şrift:
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə əlaqədar özbək dilində bölmə istifadəyə verilib
26.05.2020 [11:57] - Xəbərlər, Mədəniyyət
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə tanınmış yazıçı, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, dirijor, Əməkdar incəsənət xadimi, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində mühüm rolu olan şəxsiyyətlərdəndir. O, həm Azərbaycan dramaturgiyasını və bədii nəsrini, həm də satirik publisistikanı yeni və orijinal mövzularla zənginləşdirib.

Özbək dilində istifadəyə verilən “Abdurahimbek Haqberdiyev” adlı bölmədə ədibin həyatı, yaradıcılığı, yaratdığı əsərlər, bütövlükdə ədəbi fəaliyyəti haqda məlumatlar öz əksini tapıb.

Bölmədə Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycanın Şuşa şəhərində səhnəyə qoyduğu əsərlər haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalında Əbdürrəhim bəy Haqverdiyevin dərc edilən hekayə və felyetonları ona şöhrət qazandırıb.

AMM-dən verilən məlumata görə, “Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar il ərzində Özbəkistanda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb.

Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, o cümlədən Əbdürrəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcək.

Vikipediyada özbək dilində yaradılan Əbdürrəhim bəy Haqverdiyev haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Abdurahimbek_Haqberdiyev linkində tanış olmaq mümkündür.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed