Şrift:
MDHP Qarabağ departamentinin BƏYANATI
29.05.2020 [01:03] - Xəbərlər, Siyasət, MDH, Özəl xəbər
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ departamentinin məclisi 26 may 2020 ci il tarixdə pandemiya dönəmindən sonra ilk dəfə növbəti toplantısını keçirdi və fəaliyyət istiqamətləri ilə bağlı qərarlar,o cümlədən Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar bəyanat qəbul etdi.


Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ departamentinin

Bəyanatı

26 may –2020 ci il

Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları,

Sizin istər mərkəzi, istərsə də yerli icra orqanlarında apardığınız kadr islahatlarını alqışlayır, sizə apardığınız işlərdə müvəffəqiyyətlər arzulayırıq.
Biz MDHP Qarabağ Departamentinin üzvləri, başda partiya sədri Fərəc bəy Quliyev olmaqla Sizin milli maraqları özündə ehtiva edən siyasətinizi dəstəkləyir və nəzərinizə çatdırırıq ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağda işlətdiyi “Qarabağ Ermənistanındır nöqtə”-ifadəsinə, milli iradəni ifadə edən prinsipal Dağlıq Qarabağ Azərbaycanındır və nida işarəsi-ifadəniz hər birimizin qəlbində qürur hissi yaratmışdır.

Möhtərəm Cənab Prezident!


Dünyada koronovirus epidemiyasının yayıldığı ilk günlərdə sizin rəhbərliyiniz altında görülən qəti tədbirlər nəticəsində respublikamızda kütləvi yoluxmaların qarşısı alınmaqla bahəm, dövlət orqanlarında, özəl sektorda çalışan işçilərin ixtisar edilməsinin qarşısının alınması, 600 min aztəminatlı və işsiz statuslu vətəndaşlara göstərdiyiniz 3 milyard manatlıq yardım, Sizin siyasətinizin əsasının hər bir vətəndaşın rifahının yaxşılaşdırılma olduğunu təsdiqləyir.Dünyanı sarsıdan pandemiya ilə aparılan mübarizə dönəmində də Milli Ordumuzun düşmənə göz dağı verən təlimlərinin keçirməsinə əmr verməniz bütün şərtlər daxilində, bütün vasitələrlə milli maraqlarımızın qorunmasını prioritet götürməyinizin bariz nümunəsidir.

Cənab Ali Baş Komandan!

Dünya Birliyi tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası”nda keçirilən andiçmə mərasimində iştirak etmək üçün vertolyotla Dağlıq Qarabağa gələn Nikol Paşinyanın Azərbaycanın dilbər guşəsi, elm və mədəniyyət mərkəzi olan Şuşa şəhərində keçirilən “mərasim”də iştirakı hər bir Azərbaycan vətəndaşının, o cümlədən MDHP-nin hər bir üzvünün qəlbində hiddət , dünya birliyinin, xüsusən ATƏT-in Minsk qrupunun bu məsələyə etinasız yanaşması isə bizdə ikrah hissi yaratmışdır.
Çox saylı vətəndaşlardan, xüsusən Qarabağ müharibəsi qazilərindən MDHP-na daxil olan müraciətlərdə işğal altındakı torpaqlarımızda ermənilərin həyasızcasına ağalıq etməsinə etirazlar bildirilir və onlar erməni faşistlərinə Azərbaycan tərəfindən onların da iştirakı ilə “dərs” veriləcəyi günü səbirsizliklə gözləyir. Siyasi mənsubiyyətindən və ictimai mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı sülhə meydan oxuyan erməni faşistlərinə qarşı müharibənin başlanmasını yeganə çıxış yolu olduğunu və Ali Baş Komandan kimi Sizin əmrinizi səbirsizliklə gözləyirlər.

Möhtərəm Cənab Prezident, Ali Baş Komandan!

İşğal olunmuş vətən torpaqlarını qəsbkarlardan azad etmək üçün Sizin əmrinizlə səfərbərlik elan edilərək müharibəyə başlanarsa, 2016-cı ilin aprel döyüşlərində vətən övladlarının göstərdiyi hünər təkrarlanar və torpaqlarımız qısa müddətdə işğaldan tam olaraq azad olunar. Bu işdə bütün xalq ,o cümlədən biz MDHP-nın Qarabağ departamentinin üzvləri öz Prezidentimizin yanında olmuş və olacaqdır. Çünki bu bizim hamımızın məsuliyyəti və haqq işimizdir. Biz ədalətli sülh istəyirik,hərb istəmirik, amma hərbə hazırıq-devizimiz hər an qüvvədədir.

Şakir Ağayev,
MDHP-nın Qarabağ departamentinin sədri,
I Qarabağ müharibəsi veteranı
Bu xəbər oxucular tərəfindən 1616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed