Şrift:
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Şuşa şəhərciyində qeyd edib
02.06.2020 [11:57] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Yeni Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyinin balaca sakinləri ilə birgə qeyd edilib. Şuşa şəhərciyində yaşayan məcburi köçkün icmasının uşaqları ilə təşkil edilən bayram görüşündə ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyevanın “Kirpi və Zəncirotu” kitabının təqdimatı keçirilib.

Bu barədə ADA Universitetindən məlumat verilib.

Qeyd edilib ki, Şuşadakı Topxana meşəsində yaşayan Kirpi balasından bəhs edən uşaq kitabı ilk olaraq 2011-ci ildə ABŞ-da nəşr edilib. İllüstrasiyalar ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevə məxsusdur. “Kirpi və Zəncirotu” kitabında tikanlarından narazı qalan və görünüşü ilə barışmayan balaca qəhrəman bunu dəyişməyi arzulaylr, lakin dostu müdrik Bayquşun köməyi ilə özünü olduğu kimi qəbul etməyə və məsələlərə daha çevik yanaşmağa öyrənir.

Görüş zamanı kitabın oxusundan sonra uşaqlar Şuşa və Topxana qoruğu barədə öyrəniblər, Şuşa şəhərciyinin icma fəalı Leyla Cahangirlə Azərbaycan dövlətinin atributlarına dair viktorinada iştirak edərək müxtəlif hədiyyələr qazanıblar. Görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması adından hədiyyələri təqdim edən icmanın beynəlxlaq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova bildirib: “Icmamızın əhalisinin 140 min üzvü uşaqlardır. Onların hüquqlarını qorumaq bizim ən ümdə vəzifələrimizdəndir. Qarabağı görmək, orada ailələri ilə birgə sülh şəraitində yaşamaq bu uşaqların hüququdur. Onlar bizim icmanın gələcəyi, Qarabağ irsinin daşıyıcılarıdır.

Dünyadakı hər bir uşağın xoşbəxt böyümək haqqı var. Hər bir uşağın sağlam, tox, valideyn qayğısını hiss edərək, təhsil alaraq böyümək, dostlarının, doğmalarının yanında böyümək haqqı var. Bir də dünyadakı bütün uşaqların öz vətənlərində böyümək, yaşamaq, öz vətənlərində xoşbəxt olmaq haqqı var.

30 il əvvəl ölkəmizdə bu təməl haqq böyük bir nəslin əlindən alındı. Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi. Yüz minlərlə uşaq üstündə “köçkün” adı gəzdirərək, çadır düşərgələrində, vaqonlarda, qapı-pəncərəsiz yataqxana, məktəb, bağça otaqlarında böyüməyə məhkum oldu. Yüz minlərlə uşaq normal yaşayış tərzindən, doyunca yeməkdən, oyuncaqlardan məhrum bir uşaqlıq keçirdi. O köçkün uşaqlar çadır məktəblərdə təhsil almalı, uşaqlıq illərini məhrumiyyətlər və vətən nisgili ilə keçirməli oldular. Şəraitsizlik, qaçqınlıq, kasıblıq onların çoxuna sağlam böyüməyə, normal təhsil almağa, özlərini təsdiqləməyə imkan vermədi.

Bir nəsil beləcə böyüdü. Uşaqlığını çadırlarda, yataqxanalarda, vaqonlarda itirmiş bu insanların öz uşaqları doğuldu. Ata-babalarının doğma yurdlarını, evlərini heç vaxt görməyən, Qarabağı heç vaxt görməyən, görə bilməyən başqa bir nəsil qarabağlı uşaqlar doğuldu. Atalarının, babalarının vətən nisgilini onlardan miras alan uşaqlar. Gözəl günlərin birində o doğma yerləri görmək ümidi ilə böyüyən uşaqlar…

Biz inanırıq ki, o gün mütləq gələcək. O uşaqlar öz ataları, babaları ilə birlikdə öz tarixi vətənlərinə qayıdacaqlar. Onların ata-baba yurdu Qarabağda yenə azərbaycanlı və erməni uşaqlar birlikdə, sülh və dostluq içində, sağlam və xoşbəxt yaşayacaq.

Millətindən və irqindən, yaşadığı coğrafiyadan asılı olmayaraq, dünyadakı bütün uşaqlara xoşbəxt, sağlam, rifah və sevinc içində böyüməyi arzu edirik! Dünyadakı bütün uşaqlara həmçinin, arzu edirik ki, onlar öz vətənlərində böyümək, yaşamaq haqqından heç vaxt məhrum olmasınlar!”
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed