Şrift:
Əkinlərin su təchizatının yaxşılaşdırılması məqsədilə SCADA sistemi tətbiq edilir
06.06.2020 [10:31] - Xəbərlər, Sosial
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və müasir texnologiyaların tətbiqi ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində yeniliklərə imza atır. Belə ki, respublika ərazisində əkinlərin su təminatının yaxşılaşdırılması məqsədilə 2018-2019-cu illərdə qazılan subartezian quyularında SCADA sistemi tətbiq edilib. Artıq 14 rayonda SCADA sisteminə qoşulan 322 subartezian quyusundan əkinlərin suvarılmasında istifadə edilir.

Bərdə rayonu ərazisində yeni qazılan subartezian quyularında tətbiq edilən SCADA sisteminin iş prinsipi və əhəmiyyəti ilə maraqlanıb. Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov bildirib ki, 2018-2019-cu illərdə Prezident İlham Əliyevin sərəncamları əsasında Bərdə rayonunda 36 subartezian quyusu qazılaraq istifadəyə verilib. Yeni qazılmış bu subartezian quyularında SCADA sistemi tətbiq edilib. Mərkəzdən idarə olunan bu sistem zamanı subartezian quyularına videogörüntü ilə nəzarət etmək, quyunu işə salmaq, suvarma başa çatdıqda söndürmək mümkündür. Yeni sistem əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimləri vasitəsilə idarə olunur. Əllə nəzarət rejimi ilə subartezian quyusunu nəzarətçilər işə sala və ya söndürə bilərlər. Avtonəzarət rejimində isə subartezian quyusunun işə salınması və ya söndürülməsi yalnız mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isə subartezian quyusu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxt tamam olanda isə avtomatik sönür. Yeni sistemlə elektrik enerjisi sərfiyatına, quyudakı suya, dərinlik nasosuna nəzarət etmək olur, su itkisinin qarşısı alınır.

Subartezian Quyularının İstismarı İdarəsinin sahə rəisi Fədai Əliyevlə SCADA sisteminə qoşulmuş subartezian quyusunun yanında söhbət etdik. Sahə rəisi yeni sistemin əhəmiyyətini yüksək qiymətləndirərək dedi: "Suvarmada SCADA sisteminin tətbiq edilməsi ilə su, elektrik enerjisi və vaxt itkisinə yol verilmir. Əvvəllər əkinlərin suvarılması zaman elektrik enerjisi kəsilib yenidən veriləndə ya fermer, yada idarənin işçiləri tərəfindən subartezian quyusu işə salınmalı idi. Bunun üçün isə xeyli məsafə qət edilməli idi ki, bu da həm vaxt itkisinə səbəb olur, həm də əkin sahəsinin suvarılması ləngiyirdi. Yeni sistemin tətbiqi ilə bütün bu çətinliklər aradan qaldırılır".

Gələcəkdə yeni qazılan bütün subartezian quyularında SCADA sisteminin tətbiq edilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed