Şrift:
21 ilin müstəqilliyi və 200 ilin təhdidləri - TƏHLİL
20.10.2012 [12:18] - Gündəm, Sosial
Bu günkü situasiya, son 21 ilin təcrübəsi rasionallıq tələb edir

Azərbaycan bu gün 94 il əvvəl olduğu kimi yenə xeyli dərəcədə qlobal proseslərdən asılı vəziyyətə düşüb


Dünən, 18 oktyabrda Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Gününü qeyd etdik. Bu tarixdən 21 il ötür və hər birimiz müstəqil dövlətimiz, Azərbaycanımızla fəxr edirik. Müstəqillik günü ilə bağlı yenə ənənəvi olaraq standart, şablon və hər kəsin təmsil etdiyi, yaxud yaxın bildiyi siyası cinahın ümumi mövqeyni ifadəsi olan fikirlər, açıqlamalar, nitqlər səsləndi. Bəziləri həddindən artıq nikbin görünməyə çalışdılar, digərləri isə əksinə bədbin ovqatları və dəyərləndirmələri ilə diqqəti cəlb etdilər. 2 və ya 3 il əvvəl Dövlət Müstəqilliyi Gününü ilə bağlı fikirlər, açıqlamalar, nitqlərə baxsaq və oxusaq, görərik ki, onlar builkindən sadəcə optimizm və pessimizmin səviyyəsinə görə fərqlənir. Standart, qəlibləşmiş fikirlər yenə ənənəvi qayda və üsullarla təkrarlanır. Bəlkə də 21 əsrdə, “copy-paste”in, hər sahədə unifikasiya və standratlaşmanın hakim olduğu dövrdə buna heç təəcüblənmək lazim deyil. Postindustrial cəmiyyətin hər şeydə standart tələbi artıq düşünən qafalara da hakim olub və bunu təbii qəbul etmək lazımdır. Amma bizlər, məsələn, Britaniya, Fransa, ən azı Estoniya vətəndaşaları olsaydıq, bu yanaşma doğurdan da qəbuledilən olardı. Amma bzilər son 500 ildə başına olmazın faciələr gəlmiş, torpaqlarının 20 faizi işğal altında olan dövlətin vətəndaşlarıyıq və müstəqllik günündə sadəcə tarixi xatırlamaqla kifayətlənə bilmərik.

Tarixi diqqətlə təhlil etsək və müasir dövrlə müqayisə aparsaq, görərik ki, son 200 ildə Azərbyacan xalqı, dövləti üçün təhlükə yaradan əsas təhdidlər bu gün də aktualdır. Müstəqillik günündə ən azı bunların və gələcəklə bağıl ciddi müzakirələrin olması zəruri idi…

Amma yenə bu günümüzlə yaşayır və yalnız inciklərimizi yaxşı yadda saxlamağı bacarırıq.

21 ilin geosiyasi çəmbəri: 94 il əvvəlki hadisələr təkralanarmı?

Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətini süquta gətirən başlıca təhlükələri və qlobal nüfuz savaşının tərkib hissəsi olan böyük dövlətlərin eksponsionist siyasətini bu gün də müşahidə edirik. Dərindən təhlil etsək, heç forması da dəyişməyib. Sadəcə, koalisiyalar dəyişib və Britaniyanın yerini ABŞ tutub. İran da, Rusiya da 100 il əvvəlki mövqeyində qalır, Türkiyə daha imperiya deyil və yenə əvvəlki kimi konkret koalsiyanın üzvü kimi çıxış etmək məcburiyyətindədir. Ermənistanla, Gürcüstanla münasibətlərdə də heç nə dəyişməyib. Rusiya əvvəlki qədər güclü deyil, lakin Gürcüstanla müharibə bizə hər zaman 1920-ci ili xatırlatmalıdır.

Azərbyacan 21 ildir ki, bu cür mürəkkəb regionada çox ehtiyatla manevr etmək məcburiyyətindədir. Etiraf edilməsə də, ölkəmiz geosiyası çəmbərdədir. Sadəcə dünyadakı qlobal konyuktur və qüvvələr nisbəti bu çəmbərin daha da darlamasına imkan vermir. Azərbaycan bu gün 94 il əvvəl olduğu kimi yenə xeyli dərəcədə qlobal proseslərdən asılı vəziyyətə düşüb. Müstəqilliyimiz barədə danışarkən bunlar da müzakirə olunmalı və həll yolları barədə fikir mübadiləsi aparılmalıdır.

Bu gün verdiyimiz qərarlar, atdığımız addımalr sabahımızı müəyyənləşdirir. Düzgün qərarlar verilməsə, 1920-ci il başqa formada təkrarlana bilər. Bu real vəziyyəti Azərbaycan cəmiyyəti yaxşı anlamalı və bütün vasitələrlə müqavimətə hazır olmalıdır. Nə optimizm, nə də ruhdan salan pessimizm, bu günkü situasiya, son 21 ilin təcrübəsi rasionallıq tələb edir.

200 ilin problemləri aktuallığını qoruyur

Çar Rusiyasının Azərbyacanı işğalı ərəfəsindəki və işğaldan sonrakı problemlər də bu gün olduğu kimi qalmaqdadır. Cənuba və yaxud Şimala meyllənən xanılqların yerini indi partiyalar tutub. Özümüzü bəyənməyib, Avropanı, farsı, osmanlını idellaşdıranlar bu gün də əbədi mübarizələrinə davam edirlər. Xanlıqlar maraqlarını regional təşkilatlanma və qütbləşmə əvəz edib. Neft milyonçuları isə məmur oliqarxlarla əvəzlənib. Bakı yenə milyonçular və səfillər şəhəri adlandırıla bilər.

İntellektuallarımız, savadlı təbəqəmiz yenə fərqli dillərdə danışır, həm gerçək, həm də obrazlı mənada. Rusiyadan təhdidlər gücləndikcə, Qərbpərəstlər şövqlənir, Vaşinqton və Brüsseldən tənqidi bəyanatlar səslənəndə Cənub və Şimala üz tutanların milli damarı tutur.

Əslində bunlardan qaynaqlanan təhdidlər xarci hədələrdən daha təhlükəlidir. Torpağı gerı almaq olar, işğalçını da yerində oturtmaq olar, amma beyni-başı fərqli ölçüdə düşünən vətəndaşlarımızı necə geri qazanacağımız bəlli deyil. Hazırda məhz müstəqil vətəndaşlarımızı itirməyimiz müstəqilliyimizə ən böyük təhdiddir.

Bəlkə də müqayisə qusurlu çıxdı. Amma etiraf edək ki, oxşarlıqlar kifayət qədərdir və 21 il ərzində 200 ilin mirasından qurtarmaq üçün olduqca az iş görmüşük.

21 əsrin təhdidləri

Postindustrial cəmiyyətin meydana çıxardığı qloballaşma və onunla müşaiyət olunan proseslər milli dövlətlər üçün universal çağrışlarla müşahidə olunur. Son 500 ildə xalqların, millətlərin vahid ərazi, dil, dəyərlərə, milli suverenliyə əsaslanan ən optimal siyasi təşkilatlanma forması kimi milli dövlətlər ənənəvi atributlarıı itirməyə başlayıblar. Artıq sərhədlər əvvəlki rolunu oynamır, suverenlik faktiki olaraq mütləq deyil, milli, konkret etnosa məxsus eyniləşdirmə (identiklik) amilləri kosmopolit meyllərlə əvəzlənir. Eyni zamanda getdikcə aqqresivləşən “mədəni işğalı” müşahidə edirik. Bunun ən parlaq nümunəsini elə öz ölkəmizdə görürük.

Bütün bu təhdidlər isə xüsuilə yeni müstəqil dövlətlər üçün heç də yaxşı perspektiv vəd etmir. Biz müstəqilliyimizin 21-ci ilində daha çox bunlar haqqında düşünməliyik. Təəssüf ki, dünyanın necə dyişdiyinin fərqinə varmırıq, çoxlarımız üçün dünyada baş verən dəyişikliklər Facebook-dan, kredit kartlarından və turpaketlərdən istifadə, xaricdə təhsil almaq ilə assosiasiya olunur. Bunlar kontekstində nəzərdən keçirilir. Halbuki, bunlar yalnız böyük qlobal dəyişikliklərinin səthi əlamətləri və alətləridir. Dəyişən dünyada güclü olmağın əsas şərtlərindən biri onun tələblərinə cavab verməkdir. Bu isə güclü, milli əsaslar üzərində modernləşmə və dinamik cəmiyyət, dövlət quruculuğu tələb edir. Gözümüzün önündə türk qardaşlaırımız, gürcülər, qismən də ermənilər buna var gücləri ilə çalışırlar. Biz isə hələ də ən yaxşı halda ötən əsrin 90-cı illərində qalmışıq…

18 oktyabrda və hər imkan düşəndə məhz bunları müzakirə etməli, çıxış yolları üzərində fikir mübadiləsi aparmalıyıq.

Zaur İbrahimli
Bu xəbər oxucular tərəfindən 1877 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed