Şrift:
XİN: Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistanın siyasətinin əsasını təşkil edir
10.06.2020 [15:17] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı nifrət nümayiş etdirən çıxışları ilə ittiham etməyə cəhd göstərən son açıqlamaları bu ölkənin beynəlxalq qurumların qəbul etdiyi qərarları özbaşına və seçilmiş şəkildə şərh etmək təcrübəsini bir daha üzə çıxarır. Ənənəvi əsassız iddialar səsləndirməklə Ermənistan beynəlxalq birliyi yanıltmaq, diqqəti öz irqçi siyasətindən və nifrət zəminində törətdiyi cinayətlərdən - Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun qeyri-qanuni hərbi işğalından, təcavüz zamanı yüz minlərlə azərbaycanlının hüquqlarının və əsas azadlıqlarının ciddi şəkildə pozulması faktından yayındırmaq məqsədi güdür.

Bu fikirlər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Azərbaycana qarşı müharibəni başlatdığına və beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbir hissəsini zəbt etdiyinə görə tam məsuliyyət daşıyan, işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirən, münaqişə zamanı digər ağır cinayətlər törədən, irqçi ideologiyanı müdafiə edən, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, habelə digər beynəlxalq təşkilatların qərar və sənədlərinə açıq-aşkar laqeydlik göstərən Ermənistan özünün davamlı şəkildə pozduğu standartlar və dəyərlərlə başqalarını ittiham edə bilməz.

Ermənistan bütün qeyri-erməniləri, o cümlədən azərbaycanlıları ölkədən qovmaqla monoetnik ölkəyə çevrilmişdir. Ermənistan etnik cəhətdən homogen ərazilər yaratmaqla bağlı eyni siyasət və təcrübəsini, bütün qeyri-ermənilərin qovulduğu və oyuncaq rejimini yaratdığı Azərbaycanın işğal edilmiş ərazilərinə də tətbiq edib.

Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistanın siyasətinin əsasını təşkil edir və bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında “etnik uyğunsuzluğa” aşkar inamının sübutudur. Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanın bu cür iyrənc fikirləri açıq şəkildə təbliğ etməsinə öz etirazını bildirib və Ermənistanda hökm sürən dözümsüzlük ruhu, bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasəti və təcrübələri ilə bağlı ciddi narahatlığını ifadə edib.

Ermənistan insan hüquqları standartlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına münasibətdə riyakarlıq və seçici yanaşmasına son qoymalı, eyni Məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı 2015-ci il 16 iyun tarixli qərarının icrasına başlamalıdır. Məlum olduğu kimi, Avropa Məhkəməsinin Böyük Palatası təqdim olunan sübutları araşdıraraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş əraziləri üzərində nəzarəti həyata keçirdiyini təsbit etmiş, bu ölkənin azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını bildirmiş, onların işğal olunmuş ərazilərdəki evlərinə və doğma yurdlarına qayıtmaq hüquqlarını bir daha təsdiq etmişdir.

Münaqişənin davam etməsinin və bunun nəticəsində bölgədə gərginliyin ara-sıra artmasının başlıca səbəbi Azərbaycan ərazilərinin qanunsuz işğalı və Ermənistanın bu vəziyyəti möhkəmləndirmək cəhdləridir. İlk növbədə, Ermənistanın təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra, yəni, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunması, yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqları və əsas azadlıqlarının, o cümlədən onların evlərinə, mülklərinə geri qayıtmaq hüququnun təxirə salınmadan təmin edilməsindən sonra sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür”.
Bu xəbər oxucular tərəfindən 1499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed