Şrift:
AMEA-nın elmi müəssisələrində 1618 tədqiqat işi aparılıb
11.06.2020 [11:01] - Gündəm, Mədəniyyət
Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bölmələrinə daxil olan elmi müəssisələrdə 147 problem çərçivəsində 542 mövzu üzrə 1618 elmi tədqiqat işi aparılıb, onlardan 34 iş tətbiq olunub.

Bu barədə AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağında AMEA-nın akademik-katibi Əminağa Sadıqov məlumat verib.

AMEA-dan bildirilib ki, Ə.Sadıqov 159 qrant üzrə işlərin davam etdirildiyini, 36 patent alındığını söyləyib. Qeyd edib ki, hesabat ilində AMEA-nın elmi müəssisələrində 139 mühüm elmi nəticə alınıb. Həmçinin akademiyanın alimləri tərəfindən 518 kitab, 9431 məqalə və tezis, o cümlədən xaricdə 3107 məqalə və tezis çap etdirilib. İmpakt faktorlu jurnallarda dərc olunmuş 1051 məqaləyə 20 min 500-dən çox istinad olunub. Azərbaycanın elm və ali təhsil müəssisələrindən “Web of Science” bazasına bütün dövr ərzində (1975-2019) 17 mindən çox elmi əsər daxil edilib. Bu elmi əsərlərin 12 mindən çoxu (71 faizdən çoxu) AMEA-nın payına düşür. 2019-cu ildə “Web of Science” bazasına AMEA-nın 708 elmi əsəri daxil edilib və bu əsərlərə 2000-ə yaxın istinad olunub. Dünyanın nüfuzlu “Scopus” bazasında 2019-cu ildə dünya üzrə 5637 universitet və müəssisə arasında AMEA 775-ci yerdədir. Bu bazada AMEA-nın elmi reytinqi həm Cənubi Qafqaz ölkələrinin, həm də Orta Asiya ölkələrinin akademiyaları sırasında sosial göstəricilər üzrə birinci yerdədir. Hazırda AMEA-nın 68 elmi jurnalının beşi “Web of Science” bazasına daxildir.
Bu xəbər oxucular tərəfindən 142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed