Şrift:
“Məktəblilər üçün onlayn mədəni irs platforması” layihəsinə başlanılıb
11.06.2020 [11:21] - Gündəm, Mədəniyyət
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Məktəblilər üçün onlayn mədəni irs platforması” layihəsinə start verilib. Proqramın interaktiv onlayn ekskursiyası ilk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən bildirilib ki, layihənin məqsədi COVID-19 pandemiyası ilə əlaqədar karantin tədbirləri dövründə, həmçinin karantin rejimindən sonra da davamlı olaraq məktəbliləri onlayn platformada mədəni irsimizlə, muzeylərlə, tarixi abidələrlə və qoruqlarla tanış etmək, uşaq və gəncləri ölkəmizin tarixinin, mədəniyyətinin və incəsənətinin daha dərindən öyrənilməsinə cəlb etməkdir.

“Məktəblilər üçün onlayn mədəni irs platforması”nın rəsmi açılışında beynəlxalq mədəni irs üzrə mütəxəssislər, xarici arxeoloqlar və Azərbaycan məktəbliləri iştirak ediblər.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxışında bu layihənin ölkəmizin tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, milli və mənəvi dəyərlərlə yaxından tanış olmağa imkan verdiyini qeyd edib. O, layihənin mütəmadi olaraq keçiriləcəyini, beynəlxalq və Azərbaycan muzeylərinin, tarixi abidələrin, qoruqların təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev layihənin ilk dəfə olaraq Qobustanda həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan ərazisində ən qədim mədəniyyət ocaqlarından olan Qobustanın UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsindən və xalqımızın tarixindən bəhs edib. Bildirib ki, qədim tarixi əks etdirən qoruq hər zaman həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların diqqət mərkəzindədir.

Sonra qoruğun direktor müavini Fikrət Abdullayev, Ukrayna Tarixi-Arxeoloji “Daş məqbərələr” (“Kamennaya moqila”) Qoruğunun direktor müavini Olqa Penyova, Stenford Universitetinin professoru Sergiu Musteata (Moldova), Tusi Bohm planetariumun direktoru Famil Mustafa, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin ekoloqu Abdin Abbasov çıxış ediblər. Onlar mədəni irs haqqında, xarici qayaüstü təsvirlər, Qobustan petroqlifləri, Qobustan Milli Tarix-Bədii Qoruğunun zəngin biomüxtəlifliyi, astronomik bilgilərin formalaşmasında qayaüstü abidələrdə günəş və ulduzların qeyd olunması barədə iştirakçıları məlumatlandırıblar.

Layihə iştirakçılarına virtual olaraq qoruq əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Qobustanın arxeoloji, mədəni, təbii abidələri haqqında, həmçinin qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilər və “Qavaldaş” haqqında videoçarxlar təqdim olunub.

Xatırladaq ki, layihə Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə mayın 18-dən 24-dək onlayn platformada keçirilən “Türk dünyası muzeylərinin həftəsi” proqramının davamı olaraq həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 214 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed