Şrift:
Rafiq Bayramov: Pandemiya dövründə hər kəsin qoruyucu maskalardan istifadə etməsi, sosial məsafəni saxlaması çox vacibdir
11.06.2020 [11:32] - Gündəm, Sosial
Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqəli bir sıra tədbirlər görülür. Azərbaycanda əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən lazımi addımlar atılır. Bu baxımdan istər Nazirlər Kabineti yanında Operativ Qərargahın, istərsə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xidmətləri böyükdür. Koronavirus pandemiyası dövründə vətəndaşlar da karantin qaydalarına əməl etməli və infeksiyanın yayılmasının qarşısını almağa, aparılan mübarizəyə töhfə verməyə çalışmalıdırlar. Belə ki, ictimai yerlərdə, qapalı, o cümlədən əhalinin sıx toplaşdığı məkanlarda qoruyucu maskalardan istifadə məcburidir. Bu, COVID-19 infeksiyasının qarşısının alınması üçün əsas amillərdən biridir.

Bu barədə Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov məlumat verib.

“Təəssüf ki, maskaların taxılması, ondan istifadə edilməsi bəzi vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Hər birimiz marketlərdə, avtobus dayanacaqlarında, bir sıra inzibati idarələrdə bəzi vətəndaşların qoruyucu maskalardan istifadə etmədiyinin şahidi oluruq. Bəziləri isə ağız və burun boşluğunu maska ilə örtmək əvəzinə, cərimə olunmamaq üçün onu çənələrinin altında saxlayırlar. Karantin rejiminin qaydalarına əməl olunması hər bir kəsin vətəndaşlıq borcudur. Həmrəylik göstərib birgə mübarizə aparmasaq, COVID-19-a qalib gəlmək mümkünsüzdür. Çünki infeksiyanın yayılma sürəti kifayət qədər yüksəkdir. Buna görə də vətəndaşlar qoruyucu vasitələrdən istifadəyə, bir-biri ilə yaxın təmasdan çəkinməyə əməl etməsələr, virusla mübarizə aparmaq da çətin olacaq. Düzdür, infeksiyaya yoluxan və xəstələnənlərin maska taxması daha vacibdir. Lakin kimsə ətrafındakı insanların infeksiyaya yoluxub-yoluxmadığını bilmir. Ona görə də hər kəsin maska taxması tövsiyə olunur. Əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss eləmirlər. Bu baxımdan da həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər yerlərdə sağlam insanları yoluxdura biləcəyi labüddür. Buna görə də pandemiya dövründə hər kəsin qoruyucu maskalardan istifadə etməsi, sosial məsafəni saxlaması və zərurət olmadıqca evdən çıxmaması çox vacibdir. Həmrəy olaraq, birgə mübarizə apararaq “gözəgörünməz” düşmənlə savaşdan qalib ayrıla bilərik”, - deyə R.Bayramov qeyd edib.
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed