Şrift:
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” YouTube kanalında Azərbaycan barədə xüsusi veriliş yayımlanıb
12.06.2020 [09:19] - Gündəm, Mədəniyyət
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” YouTube kanalında Azərbaycan barədə xüsusi veriliş yayımlanıb.

Azərbaycan və dünya ölkələri barədə YouTube üzərindən məlumatlar yayan kanalda bu dəfə ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, turizm imkanları, görməli yerləri barədə ətraflı danışılıb.

Verilişin aparıcıları Kazuyası İşida və Yasuhiro İşibaşi “Azərbaycana səfər edək! Bakını tanıyaq!” adlanan və birbaşa yayımla efirə çıxan verilişdə “Google Street View” vasitəsilə yapon tamaşaçılara ölkəmizin tarixi, mədəniyyəti, müstəqilliyin bərpasından sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən sosial-iqtisadi uğurlar barədə ətraflı məlumat veriblər. Azərbaycanın enerji siyasətindən, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs ediblər.

Bakının Heydər Əliyev Mərkəzi, İçərişəhər, Alov qüllələri, Heydər Əliyev Beynəlxalq aeroportu, Yanardağ, Qız qalası, Xalça muzeyi, Şəhidlər xiyabanı, digər tarixi və görməli yerlər “Wazu” bələdçi kanalı vasitəsilə birbaşa nümayiş olunub. Yapon tamaşaçıların ilk dəfə müşahidə etdiyi həmin yerlər barədə veriliş boyunca səsləndirdiyi suallar ətraflı cavablandırılıb.

Bir saatdan çox davam edən verilişdə bütün dünyanı əhatə edən koronavirus pandemiyası dövründə Azərbaycan rəhbərliyinin əhalinin sağlamlığını qorumaq, sosial təminatını möhkəmləndirmək üçün həyata keçirdiyi tədbirlər barədə də ətraflı bəhs olunub.

Verilişin aparıcıları yapon tamaşaçıları qədim və zəngin mədəniyyəti, qonaqpərvər insanları, özünəməxsus təbiəti və ləziz mətbəxi ilə seçilən Azərbaycana səfərə dəvət ediblər.
Bu xəbər oxucular tərəfindən 186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed