Şrift:
Ermənilər Litvadan hazır ev alıb Kəlbəcərdə quraşdırmaq istəyirlər
22.10.2012 [11:19] - Xəbərlər, Sosial
Zəbt edilmiş ərazilərimizdə qanunsuz məskunlaşmanı genişləndirmək üçün yeni planlar müzakirə olunur, işğalçılar etiraf edir ki, bu ərazilərdə evləri bərpa etmək gücündə deyillər

İşğal altındakı Azərbaycan ərazilərində ermənilərin qanunsuz məskunlaşdırılmasını genişləndirmək üçün yeni planlar müzakirə olunur. Erməni qaynaqlarında yer alan məlumatlara görə, bu dəfə işğalçılar Litvanın hazır evlər istehsal edən şirkətindən Ermənistan büdcəsi hesabına ayrılan kredit hesabına evləri alıb Kəlbəcərdə, Ağdərədə, Xocavənddə, Zəngilan və Qubadlıda quraşdırmaq ideyasını müzakirə edirlər.

Erməni saytlarında yer alan məqalədə deyilir ki, bu vaxta qədər işğal olunmuş ərazilərdə məskunlaşmanı əngəlləyən ən ciddi problem yeni köçürülənlər üçün evlərin tikintisi və bərpası proqramının mövcud olmamasıdır. Ermənistan tərəfindən Dağlıq Qarabağdakı qondarma “hökumət”ə ayrılan kreditlər isə əsasən Xankəndində erməni elitası üçün yeni yaşayış binalarının inşasına sərf olunur. Kəlbəcərdə, Laçında, Zəngilan və Qubadlıda, habelə Xocavənd və Ağdərə ərazisində isə yeni yaşayış evlərinin tikintisi faktiki olaraq getmir.

Erməni müəllif qeyd edir ki, ya Ermənistan Xankəndində elitar evlərn tikintisinə ayrılan maliyyəni azaldıb onu ətraf ərazilərdə evlərin tikintisinə yönəltməli, ya da ətraf rayonlarda məskunlaşmaq istəyənlər üçün güzəştıi şərtlərlə ipoteka krediti ayrılmalıdır. Lakin söhbət işğal altındakı ərazilərdə qanunsuz məskunlaşanlara ipoteka formasında tikinti materiallarının verilməsindən və ya evlərin onların öz gücləri hesabına bərpası üçün vəsaitin ayrılmasından getmir. Təklif edilir ki, həmin kredit hesabına xaricdən hazır ev alınsın və işğal altındakı ətraf rayonlarda quraşdırılsın. Bildirilir ki, bu yöndə artıq müəyyən müzakirələr gedir. Belə ki, xarici ölkələrdə geniş istifadə olunan, nəmə və şaxtaya davamlı hazır evlərin biri çatdırılma və quraşdırma xərcləri də daxil olmaqla 25-30 min avroya başa gəlir. Bu evlərin sahəsi 100 kvadratmetrdir. Məlumata görə, belə evləri Litvanın “Markuciai” şirkətindən almaq olar.

Erməni saytında yazıldığına görə, hazırda Qarabağda bu cür hazır evləri almaq istəyənlərin sayı çoxdur. Təklif edilir ki, belə evlərdən bir partiya gətirib Kəlbəcərdə quraşdırmaq olar. Hansı ki, Kəlbəcərdəki erməni işğalçı qüvvələrinin zabitləri belə evləri kreditlə almağa maraq göstərir. Məlumata görə, Kəlbəcərdəki erməni zabitlər dəfələrlə “DQR hökuməti”nə və Ermənistan Müdafiə Nazirliyinə müraciət edib ki, onlara azərbaycanlılara aid dağılmış evlərin bərpası üçün kredit ayrılsın. Lakin bu müraciətlərə cavab verilməyib. Bildirilir ki, özəl tikinti şirkətləri üçün işğal altındakı ətraf rayonlarda yaşayış evlərinin tikintisi sərfəli deyil və onlar buna maraq göstərmirlər. Lakin hazır evləri alıb kreditlə paylamaqla köçürülənlərin evə olan tələbatını ödəmək olar.

Xatırladaq ki, işğalçılar Kəlbəcər və digər ətraf rayonlarda azərbaycanlılara aid nisbətən salamat evləri onları zəbt edən ermənilərin adlarına özəlləşdirmək üçün də xüsusi proqram həyata keçirirlər. Erməni saytlarında yer alan xəbərlərə görə, bu təcrübə 1994-2002-ci illər ərzində işğal altındakı Laçın rayonunda, habelə Zəngilan və Qubadlı rayonlarının bir hissəsində sınaqdan keçirilib. Qondarma “DQR hökuməti” Ermənistanın və xaricdəki erməni diasporunun yardımları ilə bu ərazilərdə azərbaycanlıların tərk edilmiş evlərini tam və ya qismən təmir edərək onları qeyri-qanuni məskunlaşan ermənilərin adlarına özəlləşdirib. Qondarma rejimin qərarına görə, belə evlərdə ən azı 2 il yaşayan ermənilərə “kupça”lar verilir. Bildirilir ki, “DQR hökuməti” hazırda Laçında tətbiq edilmiş bu təcrübəni Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdə tətbiq etməyi nəzərdən keçirir. Belə ki, həmin ərazilər, demək olar, boşdur və orada məskunlaşmaq istəyən ermənilərin sayı olduqca azdır. Ona görə də işğalçılar Kəlbəcər, Füzuli, Cəbrayıl ərazilərindəki yaşayış məntəqələrində nisbətən salamat qalmış evləri bərpa edib onları məskunlaşma proqramına qoşulanların adlarına özəlləşdirmək niyyətindədir. Bununla belə, bildirilir ki, işğal altındakı ərazilərdə qeyri-qanuni şəkildə məskunlaşdırılan ermənilərin zəbt etdikləri evlərin onların adlarına özəlləşdirilməsi məsələsində çoxlu “hüquqi problemlər” yaranır. Məsələn, Kəlbəcər rayonuna köçürülən ermənilər rayon mərkəzində azərbaycanlı əhalinin boş qalmış evlərini zəbt ediblər və “DQR hökuməti” ilə razılaşma əldə ediblər ki, onları bu evlərə “pasport qeydiyyatına” alsınlar, evlərin isə onların mülkiyyəti olduğuna dair sənəd versinlər. Ancaq bir müddət sonra “hökumət” bu razılaşmanı yerinə yetirməyib və nəticədə Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilər orada qeydiyyatsız yaşamaqdadır.

Ermənistanda etiraf edirlər ki, işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma proqramı ləng gedir. Belə ki, 90-cı illərin ortalarından bu yana həmin ərazilərə cəmi 23-25 min adam köçürmək mümkün olub, onların da bir neçə mini sonradan Qarabağı tərk edərək Rusiyaya üz tutublar. Çünki Ermənistan büdcəsi işğal olunmuş ərazilərdə yaşayış üçün minimal şərtlər yaratmaq, infrastrukturu bərpa etmək və yeni yaşayış evləri tikmək üçün yetərli vəsait ayırmaq gücündə deyil. Ermənilərin xaricdəki varlı ermənilərdən hər il diləndikləri 10-12 milyon dollar vəsait də bu işləri görmək üçün cüzidir. Həmçinin xaricdəki varlı ermənilər işğal altındakı ərazilərə iri yatırımlar qoymaqda maraqlı deyil. Nəticədə Dağlıq Qarabağda həyat faktiki olaraq Xankəndi, Şuşa və Laçınla bitir. Xankəndində əsasən qanunsuz rejimin mənsubları və onların yaxınları özlərinə yaxşı şərait düzəldiblər, villalar və yeni binalar inşa ediblər. Şuşada isə 2 minədək erməni qanunsuz məskunlaşdırılıb və onlar əsasən şəhərin salamat qalmış evlərini zəbt ediblər. Laçında isə 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində əsasən xaricdəki erməni diasporunun və Ermənistanın ayırdığı vəsaitlər hesabına xeyli yeni yaşayış binaları tikilib, dağılanlar bərpa olunub. Nəticədə Laçın şəhərində 10 minə qədər erməni məskunlaşdırılıb. Qalan ərazilərdə isə tək-tük yaşayan ermənilər istisna olmaqla xarabalıqlar hökm sürür.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1081 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed