Şrift:
Beynəlxalq ekspertlərdən Qarabağ təhlilləri
22.10.2012 [12:27] - Siyasət
Tomas de Vall: “Münaqişənin kökündə Rusiyanın yeritdiyi siyasət durur”
Piter Semnebi: “Regionda gərginlik yolverilməz səviyyəyə çatıb”


ABŞ-dakı Karnegi Fondunun baş elmi əməkdaşı, “Qara bağ” kitabının müəllifi və Dağlıq Qarabağ münaqişəsi üzrə ən nüfuzlu beynəlxalq ekspertlərdən hesab edilən Tomas de Vall Los-Anceles ştatındakı Livi Universitetində məruzə ilə çıxış edib. O, məruzəsində Cənubi Qafqazdakı münaqişələrin kökləri barədə də danışıb. «Daily Trojan» saytının xəbərinə görə, Tomas de Vall Ermənistan, Azərbaycan və Gürcüstandakı iş təcrübəsindən söhbət açıb, lakin onun söhbətinin əsas hissəsi Ermənistan-Azərbaycan münaqişəsi barədə olub.

Ekspert münaqişənin kökləri barədə fikirlərini bildirməzdən əvvəl Qafqaz xalqları ilə dünyanın qüdrətli ölkələri arasında qarşılıqlı münasibətlərə diqqəti cəlb edib. O deyib ki, regionun kiçik xalqları ilə ABŞ və Rusiya kimi böyük dövlətlər arasında qarşılıqlı münasibətlər sonda bu xalqların öz aralarında münaqişəyə cəlb olunmasına gətirib çıxarıb. “Xırda maraqlar istənilən regional identiklik üzərində qələbə çalır. Qafqaz xalqları lokal mübahisələrə cəlb olunurlar, sonra öz himayəçilərinə - Rusiyaya və ABŞ-a üz tuturlar. Onlardan kömək istəyirlər və beləliklə, xırda mübahisə iri münaqişəyə gətirib çıxarır”, - deyə o bildirib.
Ekspertə görə, Cənubi Qafqazın ABŞ-la Rusiya arasında “böyük şahmat taxtası”nın bir parçası olduğu haqda fikirlər düzgün deyil. Əksinə, region xalqları bu qüdrətli dövlətləri öz mübahisələrinə cəlb edirlər. “Bu xalqların superdövlətləri bir-birlərinə qarşı qoymaq üzrə 500 illik təcrübəsi var. Qafqaz xalqları böyük dövlətləri öz münaqişələrinə cəlb etmək üzrə ekspertlərdir”, - deyə Tomas de Vall bildirib.

Ermənistanla Azərbaycan arasında münaqişə barədə danışan ekspert deyib ki, bu münaqişənin kökündə dayanan əsas səbəblər qorxu və etimadsızlıqdır. “Rusiyanın sərt nəzarət siyasəti tarixin müzakirə olunmasına imkan verməyib, nəticədə ayrı-ayrılıqda cəmiyyətlər Azərbaycan, Ermənistan və Qarabağ barədə bir-birinə zidd hekayələr quraşdırıblar. Münaqişənin bu və ya digər tərəfə heç bir mənəvi əyintisi yoxdur, hər iki tərəf bir-birindən qorxub, ona görə də münaqişə daha çox qorxudan yaranıb”, - deyə o bildirib. Ekspert deyib ki, münaqişə gələcəkdə ABŞ, Rusiya və Avropa İttifaqının sayəsində həll edilə bilər. “Tərəflərə qüdrətli hakimlər tərəfindən daha az yardım və daha çox sülhə məcburetmə yanaşması tətbiq edilməlidir”, - deyə Tomas de Vall vurğulayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda İsveçin Əfqanıstandakı səfiri olan Piter Semnebi isə “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik “yolverilməz səviyyəyə” çatır. “Mənim demək istədiyim budur ki, bu səviyyənin daha da yüksəlməsini nə qədər tez əngəlləsələr, hərbi münaqişənin yenidən başlanması təhlükəsi də o qədər azalar. Hazırda situasiya bir neçə il əvvəlkinə nisbətən daha da pisdir, risk dəfələrlə yüksəlib. Mən region üzrə xüsusi nümayəndə olanda əsas missiyam və Avropaya çağırışım bundan ibarət idi ki, bu münaqişəni ciddi qəbul eləmək lazımdır. Avropa münaqişənin nizamlanması üçün ciddi səylər göstərməlidir”. Semnebiyə görə, Qarabağ münaqişəsi zonasında istənilən insident situasiyanın nəzarət altından çıxmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, bu, ilk növbədə münaqişə tərəflərini narahat etməlidir, lakin beynəlxalq tərəfdaşlar da işin ciddiliyini anlamalıdır. Çünki Qarabağda nəsə baş versə, nəticələri Avropa İttifaqı ölkələrinə də təsir edəcək.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed