Şrift:
Azərbaycan xalqı azadlığı naminə uzun illər çox itki verib
22.10.2012 [13:47] - Müsahibə, Güney Azərbaycan-Təbriz
Məcid Xoşəxtər: «İran Azərbaycan mədəniyyətinin qanuni yollarla da təbliğinin qarşısını alaraq millətimizi mədəni soyqırıma məruz qoyur»
«Güney Azərbaycan» səhifəsinin budəfəki qonağı əslən Təbrizdən olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan soydaşımız Məcid Xoşəxtərdir. Onunla söhbətə Güney Azərbaycanda son günlər milli fəalların həbslərinin kütləvi xarakter daşımasıyla başlamaq istədik.
- Güney Azərbaycanda milli fəalların kütləvi həbsi yenidən çoxalıb. Bu barədə nə deyərdiniz?
- Tarixən məlumdur ki, hər bir azadlıq istəyən millət bu yolda çox qurban verməlidir. Azərbaycan xalqı da azadlığı naminə uzun illər çox itki verib. Güney Azərbaycan indiyədək istiqlaliyyətinə bugünkü qədər yaxın olmayıb. Bu gerçəyi qəbul edən milli fəallar da milli azadlıq mübarizəsində daha güclü fəaliyyət göstərirlər. Əgər İranda rejim tərəfindən həyata keçirilən milli fəalların həbs sayına nəzər salsaq görərik ki, son illər bu rəqəm xeyli artıb. Bu, milli hərəkatın daha da güclənməsinin və genişlənməsinin göstəricisidir. Rejimin milli fəallarımıza qarşı təqibləri və həbsləri davam edir. Gündən-günə güclənən hərəkatın qarşısını almaqda çətinlik çəkən və tədricən zəifləyən rejim fəllarımıza qarşı təzyiqləri və həbsləri artırır.
- Güney Azərbaycanda sosial-iqtisadi vəziyyətin ağır olmasını necə izah edərdiniz?
- Güney Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyəti farslarla müqayisədə hər zaman aşağı olub. Bu, rejimin Azərbaycan türklərinə ikinci dərəcəli millət kimi yanaşmasının nəticəsidir. Halbuki Güney Azərbaycanın zəngin təbii resursları var. Xüsusilə də əkinçiliklə bağlı xeyli sayda yerli kadr yetişib. Güney Azərbaycanın hazırkı durumunu iki istiqamətdə təhlil etmək istəyərdim. Əvvəla onu qeyd edək ki, Güney Azərbaycanda iqtisadi vəziyyət ağırdır və bu hal bir çox sosial problemlərin meydana gəlməsinə səbəb olur. Eləcə də milli təfəkkürün əhali arasında daha geniş yayılmasının qarşısını alır. İranda getdikcə artan iqtisadi böhran ictimai problemlərin də artmasıyla nəticələnir. İş yerlərinin bağlanması, yoxsulluğun və işsizliyin səviyyəsinin artması Güney Azərbaycandakı iqtisadi durumun göstəricisidir. Bura İranın nüvə proqramı, ABŞ və Qərbin sanksiyaları da daxildir. İqtisadi sanksiyaların nəticəsində İranın bir çox bankının fəaliyyətində məhdudiyyətlər yaranıb. Digər tərəfdən, neft sanksiyasının da təsiri var. İran digər dövlətləri təhdid etməklə yanlış siyasətini indi də davam etdirir. Səbəblərdən biri kimi də dövlətin yürütdüyü siyasəti göstərmək olar. Söhbət yalnız prezidentdən getmir. Çünki xarici siyasətdə və nüvə proqramında İranın ali dini liderinin səlahiyyəti var. Bu baxımdan İranın bütün yüksək rütbəli şəxsləri ölkədə belə bir böhranın yaranmasında məsuliyyət daşıyırlar. İran demək olar ki, 34 il ərzində tədricən nüfuzunu və etibarını itirib. 1988-ci illərdə zindanlarda həyata keçirilən çoxsaylı edamlar, 1999-cu illərdə Təbrizdə və Tehranda tələbələrin öldürülməsi və sərt şəkildə cəzalandırılması, 2009-cu ildə keçirilən mübahisəli prezident seçkisində nümayişçilərin həbs edilməsi və onlara ağır işgəncələr verilməsi və s. kimi hallar rejimin ictimaiyyət arasında etibarını tədricən azaldıb. Son zamanlarda isə ölkədə iqtisadi-sosial vəziyyətin ağırlaşması dövlətə olan ictimai etibarı tamamilə yox edib. Hesab edirəm ki, həbslər və təqiblər dövlət əleyhinə etirazların qarşısını ala bilməyəcək. Artıq əhali cana doyub. İranın yürütdüyü yanlış siyasətdən ən çox Güney Azərbaycan əziyyət çəkir. Rejim hər zaman Güney Azərbaycana ögey münasibət bəsləyib. Güney Azərbaycanda işsizlik və yoxsulluq daha çoxdur. Zəlzələdən zərər çəkənlər üçün hələ də lazımi dövlət yardımı edilməyib. Evsiz soydaşlarımız yağışın altında qalıblar. Dərman bahalaşıb, zərər çəkənlərə tibbi yardım göstərilmir. İranda yaşamadan rejimin türklərə qarşı olan mənfi münasibətini hiss etmək mümkün deyil. Xaricdə yaşamaqla və ya İrana qonaq gedib-gəlməklə ordakı mühiti təhlil etmək doğru nəticə verməz. İranda azərbaycanlı həkim, müəllim, hüquqşünas, professor da olsa, yenə də özünə layiq münasibət görmür. Əgər türksənsə, deməli, ölkənin ikinci dərəcəli vətəndaşısan. Eyni zamanda İranda narkomaniya da artmaqdadır. Narkotik maddələrdən istifadə edənlərin sayı və bu sahədə ticarət daha da artıb. İranda milyonlarla narkotika aludəçisi var ki, onlar da narkotikanın pulunu əldə etmək üçün hər cür oğurluğa, cinayətə və başqa qanunsuz əməllərə əl atırlar. Bu səbəbdən də Güney Azərbaycanda yoxsulluq, oğurluq, cinayətkarlıq artmaqdadır. Hətta xalqımıza məxsus qədim ailə dəyəri də zəifləməkdədir. Son illər Güney Azərbaycanda boşanmaların artması da qeydə alınıb. İqtisadi böhran iş adamlarının da fəaliyyətinə ciddi əngəl yaradır, bir çox özəl müəssisələr iflasa uğrayıb. Ölkədə qaçaqmalçılıq, qanunsuz fəaliyyətlər, «gecəqondu»lar çoxalıb. Dövlətin yanlış siyasəti nəticəsində kənd əhalisi də əkinçilik və maldarlıqdan xeyir götürə bilmir. Bu kimi səbəblər insanların bir-birinə inamını azaldıb. İctimaiyyət arasında ümidsizlik, depressiya və intihar halları gündən-günə çoxalır. Güney Azərbaycanın hazırkı vəziyyətilə bağlı ikinci qeyd etmək istədiyim isə milli mübarizədir. Bu gün beynəlxalq sənədlərdə hər bir millətin, hətta milli azlıqların da ana dilində təhsil almaq hüququ öz əksini tapıb. Eləcə də demokratik normalar hər bir millətə öz milli mədəniyyətini inkişaf etdirmək haqqı verir. Lakin fars şovinist rejimi 90 ildir ki, Azərbaycan xalqını assimilyasiya siyasətinə məruz qoyur. Bizim şərəfli tariximizi, kimliyimizi təhrif edib yeni nəsillərə ötürməyə çalışır. Şovinist rejim bir əsrə yaxın müddətdə Azərbaycan türklərini öz tarixi dədə-baba torpaqlarından köçürməyə, Azərbaycan mədəniyyətinin qanuni yollarla da təbliğinin qarşısını almaqla millətimizi mədəni soyqırıma məruz qoyur. Lakin hakimiyyət hədəflədiyi məqsədinə tam nail ola bilmir. Güney Azərbaycanın milli şüura dayanan hərəkatı bunun qarşısını alır. Xüsusilə də Azərbaycan Respublikasının Sovetlər Birliyindən ayrılıb öz müstəqil dövlətini qurması və iqtisadi inkişafı Güney Azərbaycanda böyük bir ruh yksəkliyi yaradır. Bildiyiniz kimi, Təbrizin «Traktor» futbol komandası da milli müstəviyə çıxan məsələdir. Klubun İran çempionatında keçirdiyi oyunlarda on minlərlə gənc milli və siyasi şüarlarla öz haqlı tələblərini dünyaya car çəkirlər
- Güney Azərbaycanda dövlətə qarşı ictimai münasibət necədir?
- Yuxarıda sadaladığım mənfi hallar əhalinin hakimiyyətdən narazılığına və dövlətin nüfuzunun azalmasına, lakin özünəinamın artmasına səbəb olub. Bildiyiniz kimi, Güney Azərbaycan üçün həyati önəm daşıyan Urmiya gölü rejim tərəfindən müxtəlif süni yollarla qurudulur. Bunun əleyhinə milli fəallar kütləvi etiraz aksiyaları keçirdilər. Həmin piketlərdə də həbs edilən çox soydaşımız oldu. Söhbətin əvvəlində də qeyd etdiyim kimi, yaxın zamanda Qaradağ bölgəsində güclü zəlzələ baş verdi. Ağır tələfata yol açan fəlakətə rejimin laqeyd münasibəti, dövlət yardımının göstərilməməsi onsuz da hakimiyyətdən narazı xalqımızın dövlətə olan münasibətini tamam pisləşdirdi. Bu baxımdan ağır siyasi və sosial vəziyyətdə olan Güney Azərbaycan üçün tək qurtuluş yolu öz istiqlaliyyətini qazanmaqdır.
- Həbsdə olan milli fəallarla bağlı nə deyərdiniz?
- Biz yer üzündə heç kimin, xüsusilə də millətimizin azadlığı uğrunda zindanda yatan milli fəalların həbsini istəmirik. Haqsız yerə həbsxanada saxlanılan bütün milli fəallarımızın dərhal azadlığa buraxılmasını tələb edirik. Çünki hamısı Güney Azərbaycanın istiqlayiyyəti və gələcəyi üçün çalışan və bu yolda həbs edilən soydaşlarımızdır. Mən söhbətin bu yerində hazırda zindanda olan iki milli fəalımızına adını çəkmək istəyirəm. Onlardan biri 8 il azadlıqdan məhrum edilmiş Səid Mətinpur, digəri isə 6 il həbs cəzası verilən Fərdin Muradpurdur. Bu iki fəalımız da daxil olmaqla, inşallah, bütün milli mübarizlərin tezliklə azadlığa buraxılmasını tələb və arzu edirik. İran zindanlarında məhbusların, xüsusən də milli fəalların saxlanılma şəraiti çox ağırdır. Həbs edilən fəallar təhqirlərə və ağır işgəncələrə məruz qalırlar. Səhhətinə ciddi zərər dəyəcək qədər ağır işgəncə görən soydaşlarımız da olur. Onlara tək fiziki deyil, mənəvi işgəncələr də verilir. Səhhətində problem yaranan fəallara tibbi yardım göstərilmir. Milli fəallar narkomanlarla və cinayətkarlarla bir bölmədə saxlanılır. Təbriz zindanında içməli su yoxdur. İçmək və yemək üçün quyu suyundan istifadə edilir. Milli fəal ailəsilə görüşəndə xeyli axtarış aparır, xəstədirsə, aylarla həkimlə təmin etmirlər. Zindan yeməklərini yemək olmur. O qədər üfunətli qoxusu olur ki, ondan qidalanmaq mümkün deyil. Məcburən milli fəallar həbsxananın mağazasından yemək alırlar. Həmin mağazada satılan ərzaqlar isə çox baha qiymətə olur. Zindan dükanları həbsxana rəhbərliyinə və «Sepah»a aid olur. Onlar bu yolla da ciblərini doldururlar.
- Milli azadlıq hərəkatının fəaliyyətini necə xarakterizə edərdiniz?
- Bizim mübarizə mədəni və sivil yolladır. Dinc aksiyalar keçirmək, məhbus fəalların ailələrilə görüşmək, futbol yarışlarını izləmək, universitetlərdə toplantılar keçirmək, internetlə Güney Azərbaycanın xəbərlərini yaymaq və s. milli azadlıq hərəkatının fəaliyyət növlərindədir. İran hökumətini bu fəaliyyətlərimiz də ciddi narahat edir. Sivil yollarla apardığımız mübarizəyə rejim həbslər, işgəncələr, ağır cəzalarla cavab verir. Buna misal olaraq, Fərdin Muradpuru göstərmək olar. Rejimin məhkəməsi 19 yaşlı bir yeniyetməyə 6 il həbs cəzası verdi. Hətta milli fəallara bəzən işləməyə də icazə verilmir, telefonları dinlənilir, tək özləri deyil, ailələri də təqib və sorğu-sual olunur.
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed