Şrift:
Muxtar respublikadakı liseylərə qəbulun nəticələri elan olunub
18.06.2020 [11:07] - Xəbərlər, Bildiriş
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdindəki Naxçıvan Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Nazirlikdən bildirilib ki, iyunun 11-də Naxçıvan Qızlar Liseyinə keçirilən müsabiqədə şagirdlərə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə, ümumilikdə, 70 sual, iyunun 12-də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən imtahanda isə şagirdlərə Azərbaycan dili, riyaziyyat, fizika, ingilis dili, coğrafiya, tarix və biologiya fənləri üzrə, ümumilikdə, 100 sual təqdim edilib.

Naxçıvan Qızlar Liseyinə qəbul imtahanında ümumtəhsil məktəblərinin IV sinfini bitirən 230 qız, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanlarında isə VI sinfi bitirən 352 oğlan şagird iştirak edib. Onlardan ən yüksək nəticə göstərənlər arasında liseylərin hər birinə 60 şagird qəbul olunub.

Bu liseylərdə təhsil alanlar üçün fərqli proqram tətbiq olunur, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin edir, istedadı ilə seçilən şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait yaradılır. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə isə yataqxana ilə təmin olunurlar.

Qəbul imtahanlarının nəticələrini Təhsil Nazirliyinin “Instagram” səhifəsindən və liseylərdən öyrənmək mümkündür. İmtahandan uğurla keçmiş şagirdlər iyulun 15-dək müvafiq liseylərdə qeydiyyatdan keçməlidirlər.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed