Şrift:
İyunun 24-də və 25-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə!
20.06.2020 [11:39] - Xəbərlər, Bildiriş
İyunun 24-də və 25-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şəxslərin imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” mərkəzin saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İyunun 24-də və 25-də (Yeni qrafik) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər:

– 9 və ya 11-ci sinif üzrə buraxılış imtahanları;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları.

Xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq DİM tərəfindən iyunun 24-də və 25-də keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed