Şrift:
Palçıqlı Dərbənd, su paylayan mer, Azərbaycanın qardaş köməyi - REPORTAJ
23.10.2012 [13:06] - Xəbərlər, Dərbənd
Əməkdaşımız fəlakət bölgəsindən yazır

“Bu küçə bağlıdır, aşağı küçənin palçığı da hələ təmizlənməyib. Yaxşısı budur, ara yoldan çıxaq”. Dostumuz Telman Dərbəndin azərbaycanlılar yaşayan “mahal” adlı hissəsində maşınla ora-bura nə qədər vurnuxdusa, şəhərin mərkəzinə getmək üçün salamat yol tapa bilmədi. Mahalın qala divarlarına bitişik ara küçəsi isə faktiki bağlı idi. Yox, bu küçəni haradasa bir az təmizləmişdilər. Amma söhbət ondan gedir ki, yolu iritonnajlı su maşını kəsmişdi. İnsanlar əllərində su qabı evlərinə su daşıyırdılar.
Sel yaxınlıqdakı Qırxlar kəndindəki nasos stansiyasını yuyub apardığından şəhərin 20 minə yaxın əhalisi susuz qalıb. İş o yerə çatıb ki, maşınlarla daşınan suyun pulsuz və həm də ədalətli bölüşdürülməsinə şəhərin meri İmam Yarəliyev şəxsən nəzarət edir.

“Ağlım kəsmir ki, yaxın vaxtda buralar düzələr”

- Yoxdu su. Sel gəldi, hər şeyi məhv elədi. Kanalizasiyanı da sıradan çıxarıb. Ağlım kəsmir ki, yaxın vaxtda buralar düzələr. Mer özü su paylayır. Çünki bunsuz mümkün deyil. Elə yaramazlar var ki, suyu pula satmaq istəyirlər. Camaat da əlacsız almaq məcburiyyətindədir. Amma mer şəxsən özü qabağa düşüb, suyu bölür.

Bunu Hacıxan kişi deyir. Mahal adlı hissəsində yaşayır Dərbəndin. Sel şəhərin bu hissəsinə daha çox ziyan vurub. İndi burda yol deyilən anlayış yoxdur. Hər yer dağılıb. Sel gələndə camaatın ən çox qorxduğu isə selin vurub gətirdiyi iri sal daşlar olub.

- Evdən bayıra çıxmadıq qorxudan. Çıxdıq dama. Su iri-iri daşları futbol topu kimi diyirləyib üzü aşağı axıdırdı. Qonşunun “Opel”ini vurub aşırdı. Maşın diyirlənə-diyirlənə aşağı getdi. İndi şəhərdən bu daşları təmizləmək də bir zülm olub. Aşağıdakı məktəbin həyəti də doludur daşla.

***

Xatırladaq ki, oktyabrın 9-u gecə qəfil və aramsız yağan yağışlar nəticəsində Dağıstanın azərbaycanlılar yaşayan Dərbənd şəhərini sel suları basıb, nəticədə yüzlərlə ev su altında qalıb, ölən və yaralananlar olub.

Şəhərdə sel fəlakətinin gözlənildiyi barədə əvvəlcədən nə telekanallar, nə də fövqəladə hallar nazirliyinin yerli nümayəndəliyi xəbərdarlıq edib. Daha böyük itkilərin qarşısını isə şəhər məscidlərinin minarəsindən verilən xəbərdarlıqlar alıb. İnsanlar məscidlərdən edilən xəbərdarlıqların hesabına xilas ola biliblər.

“Selin gətirdiyi iri bir daş divarı dəlib keçmişdi”

Sel ən çox Dərbəndin yaxınlığındakı, azərbaycanlılar yaşayan Sovnoba kəndinə ziyan vurub. Bu kəndin 5 sakini selin qurbanı olub. Ölənlərdən üçü Məmmədəliyevlər ailəsinin üzvləridir.

- Həmin ailə bizim qonşuluqda yaşayır. Kasıb adam idilər. Evləri də köhnə idi. Selin gətirdiyi iri bir daş divarı dəlib keçmişdi. Su həmin dəlikdən içəriyə daxil olubmuş. Bunlar qaçmaq əvəzində pal-paltarla həmin dəliyi qapamaq istəyiblər. Amma gücləri çatmayıb. Güclü dalğa həmin dəliyi vurub bir az da böyüdüb. Bundan sonra suyun təzyiqinin qabağında dura bilməyiblər. Qonşu uşaq onların birini xilas etmək istəyib. Amma sel onu da aparıb. Əvvəldən proqnoz versəydilər, bu qədər bədbəxt hadisə baş verməzdi.

Bəzi məlumatlara görə, şəhərin fəlakət həddinə düşməsinin əsas səbəblərindən biri də şəhərin yuxarısından axan Samur kanalının uzun illər təmizlənməməsi və nəticədə daşması olub. Kanaldan axan su şəhərin yuxarısından üzü aşağı axaraq qarşısına çıxan hər şeyi aparıb. Hətta iri tonnajlı maşınlar belə çevrilib. Ağacları kökündən qoparıb. Elə evlər var ki, bundan sonra orda yaşamaq qeyri-mümkündür.

Bir yandan da şəhərin kanalizasiyasının bərbad şəkildə olması da fəlakətin miqyasını daha da artırıb.

Fəlakətdən dərhal sonra şəhərin küçələrinin palçıqdan təmizlənməsi məqsədi ilə tələbələr, könüllülər belə səfərbərliyə alınıb. Amma küçələr və yollar hələ də qırılmış ağaclarla, selin gətirdiyi iri daşlarla, ən əsası isə palçıqla doldur.

Fəlakətdən dərhal sonra hadisə yerinə Dağıstan prezidenti Maqomedsalam Maqomedov gəlib. Zərərçəkənlərə yardım ayrılıb.

***

Elə biz Dərbənddə olanda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin göndərdiyi humanitar yardım şəhərə təzə gəlib çıxmışdı.

18 yük maşınından ibarət yardım karvanında 1 maşın qənd, 3 maşın makaron, 6 maşın un, 2 maşın bitki yağı, 2 maşın dərman, 1 maşın çay, 1 maşın adyal, bundan başqa düyü, ət, qaz sobaları və soyuducular daxil idi.

Yardım zərərçəkənlərə əvvəlcədən müəyyən edilmiş siyahı əsasında paylanacaq. Daha doğrusu dünəndən yardımın paylanmasına start verilib. Dərbənd rayonu administrasiyasının başçısı Qurban Qurbanovun dediyinə görə, yardımın 11 maşını şəhər əhalisi arasında paylanacaq. Yerdə qalan yardım karvanı isə Sovnoba və seldən əziyyət çəkən digər kəndlərə aparılacaq. Həm Qurban Qurbanov, həm də Dərbənd şəhərinin meri İmam Yarəliyev ölkə başçısı İlham Əliyevə yardıma görə minnətdarlığını bildirdilər.

***

- Vallah, bizə yardımdan çox, Azərbaycanın verdiyi mənəvi dəstək daha xoşdu. Sağ olsunlar, neçə maşın yardım göndərilib. Demək, Azərbaycan bizləri heç vaxt yaddan çıxarmır.

Bunu isə şair-publisist Tahir Saleh deyir.

Dərbənddə yardımın ədalətli bölüşdürülməsi üçün bir neçə qurum səfərbərdir. Bura rəsmi qurumlardan başqa yerli Cümə məscidi, Ağsaqqallar Şurası, məhəllə icmalarının rəhbərləri də daxildir.

Tahir müəllim deyir ki, bu, qardaş payıdır, payın azı-çoxu olmaz, hamıya çatacaq.

***

Biz şəhəri tərk edəndə hava çoxdan qaralmışdı. Hava qaralandan sonra təkcə Dərbəndə yox, Mahaçqalaya, Xasavyurta, Kaspiyskə, bütün Dağıstana sanki ölü bir sükut çökür.

Buralar seldən, zəlzələdən də daha böyük fəlakətlə üzü-üzədir neçə illərdir.

Respublikada gizli bir müharibə gedir. Hakimiyyət qurumlarının terror, qarşı tərəfin “cihad” adlandırdığı gecə müharibələri.

Elə onlardan, meşədəki “qardaşların” meşə həyatından yazacağıq. Sonu görünməyən, heç bir perspektivi olmayan bir həyatdan...

Azərbaycan mətbuatında ilk dəfə... Lent.az-dan ayrılmayın...

Səbuhi Məmmədli,
Dərbənd
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed