Şrift:
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Bakıda müvəqqəti postlar qurulub
21.06.2020 [11:06] - Xəbərlər, Sosial
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Bakı şəhərinin inzibati ərazisini əhatə edəcək sayda müvəqqəti postlar qurulub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxtda bütün küçə və prospektlər tərəfimizdən tam nəzarətə götürülüb, polis gücləndirilmiş iş saatı ilə xidmətini davam etdirir.

Paytaxtın müxtəlif ərazilərində qurulan müvəqqəti postlarda yol polisi əməkdaşları avtomobilləri saxlayaraq icazələrinin olub-olmamasını yoxlayırlar.

“Yol polisi sakinlərdən, hərəkət iştirakçılarından xahiş edir ki, özlərini qorusunlar, pandemiyanın qarşısını yalnız birlikdə ala bilərik. Polisin məqsədi inzibati tənbeh tədbirlərinin görülməsi deyil, vətəndaşları nizam-intizama dəvət etməkdir. Ümid edirik ki, bu dəfə də sərt karantin rejimi dövründə vətəndaşlar polis əməkdaşları ilə həmrəylik nümayiş etdirəcəklər”, - deyə V.Əsədov bildirib.

Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan şəxslər aşkarlandıqda onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.

Xatırladaq ki, Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən, iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək həmin ərazilərdə məhdudiyyətlər tətbiq olunur.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed