Şrift:
İrana qarşı sanksiyalar öz nəticəsini verir
23.10.2012 [14:52] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
ABŞ maliyyə nazirinin müavini Devid Kohen jurnalistlərə açıqlamasında İrana sanksiyaların daha da sərtləşdiriləcəyini bildirib: «Biz müəyyən tədbirlər həyata keçirməklə İrana təzyiq və sanksiyaları daha da sərtləşdirəcəyik. İranlılar başa düşməlidir ki, onların nüvə fəaliyyətilə əlaqədar dünya ictimaiyyətinin narahatlığı qarşısında yeganə seçimi cavabdeh olmalarıdır. Biz İranın əsas və mühüm gəlir mənbəyi olan neft ixracını hədəfə almış, onun beynəlxalq sahədəki maliyyə mübadilələrini məhdudlaşdırmışıq. Geniş miqyasda tətbiq edilən bu sanksiyalar artıq İran iqtisadiyyatına ciddi təsir göstərməyə başlayıb».
Rusiya Xarici İşlər Nazirliyi isə Avropa Birliyinin (AB) İrana qarşı tətbiq etdiyi son sanksiyaları pisləyən bəyanat yayıb. Sənəddə AB-nin İrana qarşı son sanksiya qərarından narahatlıq ifadə olunur: «Bu sanksiyalar İranla müzakirələrə zərər verir. AB-nin yeni sanksiyaları İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi həll etmək niyyətilə diplomatik səylərini davam etdirən «altılıq» ölkələrinin bütövlüyünə zərbə vurur. Bununla belə, biz növbəti nüvə müzakirələrinin keçirilməsinə çalışırıq».
İran şirkətləri Avropa Birliyini (AB) beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Xəbərdə İranın neft sektorunda fəaliyyət göstərən şirkətlərin belə bir addım atmaq niyyətində olduqları bildirilir. Məlumatda həmçinin AB-nin sanksiyalarına məruz qalmış həmin şirkətlərin xarici ölkələrdə bəzi layihələrin üzərində çalışdıqları və bu baxımdan fəaliyyətlərini icra etmək üçün beynəlxalq məhkəmələrdə qurum əleyhinə iddia açmağı planlaşdırdıqları vurğulanıb.
Bu arada İrana tətbiq edilmiş beynəlxalq sanksiyalar hakim rejimi zəiflətməklə yanaşı, adi insanların da həyatını çətinləşdirir. Bu, dərmanların qiymətinə də ciddi təsir edir. Ağır xəstəliklərdən əziyyət çəkən yerli vətəndaşlar üçün bir sıra dərmanları tapmaq, yaxud onları almaq üçün pul tapmaq getdikcə çətinləşir. İran mətbuatının yazdığına görə, ölkədə xərçəng, ürək-damar, tənəffüs xəstəlikləri, hemofiliya, skleroz və s. xəstəliklərin müalicəsi üçün lazım olan dərmanların qıtlığı yaranıb. Məsələn, «Tejaratnews» yazır ki, İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyalara görə, 50-dək dərmanı idxal etmək müşkülə dönüb. Buraya bir neçə növ antibiotik, hamiləliyin qarşısının alınması üçün dərmanların azı iki növü də daxildir. Hətta ölkə daxilində istehsal edilən 40-dək dərmanı da tapmaq çətinləşib. Məlumatlara görə, xərçəng və şəkər xəstələri belə dərmanları lazım olandan qat-qat artıq alırlar. Onlar ehtiyat edirlər ki, sanksiyalar sərtləşdiyi üçün bir müddət sonra həmin dərmanları da tapmaq problemə çevriləcək. Həmin dərmanların davamlı qəbulu onlar üçün ölüm-dirim məsələsi olduğu üçün əvvəlcədən özlərinə ehtiyat yaradırlar. Bu səbəbdən də apteklər ağır xəstəliklərin müalicəsi üçün lazım olan dərmanları talonla satmağa başlayıblar. Bir aptekçi «Azadlıq» radiosuna bildirib ki, əksər dərmanlar bahalaşıb: «Adətən, dərmanlar il ərzində 1, yaxud 2 dəfə bahalaşırdı. Amma bu il belə bahalaşmanı 5-6 dəfə müşahidə etmişik. Bunu az qala bütün dərmanlar haqda demək olar. Bəzi dərmanların qiyməti hətta 60 faiz qalxıb». Bir müddət əvvəl İran Hemofiliya Təşkilatı BMT-yə müracət edərək sanksiyaların bir çox xəstələrin həyatı üçün təhlükə yaratdığını bildirmişdi. İranda çap edilən gündəlik «Şərq» qəzeti isə dərman qiymətlərinin bahalaşmasını həm də milli valyutanın sanksiyalara görə qiymətdən düşməsilə bağlayır. Xərçəng İranda üçüncü ən təhlükəli xəstəlikdir. İran mediasına görə, hər il bu xəstəliyə 70-100 min adam tutulur. Bu yaxınlarda bir xərçəng xəstəsi BBC televiziyasına demişdi ki, əvvəllər kimya terapiyasından sonra vurulmalı iynənin qiyməti 2 milyon rial idisə, indi 50 milyon rialdır: «Mən ailəmi belə xərcə salmaqdansa, ölməyi üstün tutaram». «Fararu» saytı isə yazır ki, sanksiyalar İranın səhiyyə sistemini tamamilə iflic edə bilər. İran isə sanksiyalarından sonra mobil telefon, avtomobil, geyim və kosmetika məhsullarının ölkəyə idxalını azaltmağı qərara alıb. Ölkə rəsmiləri əhalini xaricdən idxal edilən və zəruri olmayan məhsullardan istifadə etməməyə və yerli mal almağa çağırıb.
İsrail Milli Təhlükəsizlik Şurasının sədri, «Mossad»ın keçmiş rəhbəri Efraim Halevi bildirib ki, sabah İran nüvə silahına sahib olduğunu açıqlasa, bunun İsrailin sonu mənasını verdiyini qəbul etmir. Onun sözlərinə görə, İranın nüvə silahına yiyələnməsinin İsrailin varlığına təhdid meydana gətirdiyi fikrinə qatılmır: «İsrailin bu ifadələrdən istifadə etməməsi lazımdır. Biz israillilər və ya dünya iranlılara bunu söyləyir ki, nüvə bombanız olsa, İsraili məhv etmək imkanınız olacaq, rəsmi Təl-Əvivi yox etmək məqsədinizə çatacaqsınız. Döyüşən iki tərəfdən birinin digərinə «məni öldürə biləcəyini bilirsən» deməsi səhvdir. Bir döyüş, strateji proqram heç bir şəkildə belə icra edilməz». Efraim Halevi deyib ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həll edilməsi üçün dialoq aparılması zəruridir. O, həmçinin vurğulayıb ki, İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramıyla bağlı bu ilin sentyabrında BMT-dəki çıxışında «qırmızı xətlər»dən bəhs etməsi müsbət ifadələr deyil: «Şəxsən mən «qırmızı xətt» ifadəsindən istifadə olunmasını son məqsədə çatmaq üçün yardımçı vasitə kimi görmürəm. Çünki İranı hər kəsin qarşısında diz çökdürməyin bir fayda verəcəyini düşünmürəm. Arzu olunan nəticə əldə etməyimiz üçün müsbət bir yol tapmağımız lazımdır».
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə jurnalistlərə açıqlamasında İranla «altılıq» ölkələri arasında növbəti müzakirələrin gələn ay keçiriləcəyinin gözlənildiyini deyib. O bildirib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlililə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında keçiriləcək müzakirələrdə «altılıq» ölkələrin nümayəndələri də iştirak edəcək: «İranla «altılıq» ölkələri arasında növbəti görüşün keçiriləcəyi yer hələlik dəqiqləşməyib. Lakin istənilən halda bu müzakirələr Moskvada olmayacaq».
MDHP-GAD
Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed