Şrift:
İsraildə koronavirusun ikinci dalğasının başlanmasını elan ediblər
23.06.2020 [14:27] - Xəbərlər, Sosial
Təxminən bir aydan sonra İsrail COVID-19-a minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı ilə qarşılaşa bilər. Bunu pandemiya barədə məlumatı əlaqələndirən hərbi orqanda bəyan ediblər.

İsraildə koronavirus epidemiyasının ikinci dalğasına başlanıb. İyunun 20-də “The Times of Israel” nəşrinin verdiyi məlumata əsasən, bu barədə COVID-19-la mübarizə üzrə milli məlumat mərkəzinin hesabatında bildirilir. Hərbi Kəşfiyyat İdarəsinin nəzdində yaradılmış bu mərkəz ölkənin Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərir.

Kəşfiyyat orqanının fikrincə, epidemiyanın artması ona gətirib çıxaracaq ki, iyul ayında minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı qeydə alınacaq. Hesabat müəllifləri qeyd edirlər ki, xəstəliyin indiki potensial artımı ümummilli karantinin yenidən tətbiqi təhlükəsini yaradır.

Hərbi Kəşfiyyat İdarəsində və Səhiyyə Nazirliyində vətəndaşların maska taxmaq və digər koronavirus profilaktikası tədbirlərinə ciddi yanaşmamalarından narahatdırlar.

Son günlər sutka ərzində yeni yoluxanların sayı 200-300 arası olur, halbuki may ayında bu göstərici 20-dək azalmışdı.

“Ynet” nəşri bildirir ki, ölkənin Səhiyyə Nazirliyi iyunun 21-də bütün ixtisaslaşdırılmış şöbələrin yenidən COVID-19 xəstələrinin qəbulu üçün açılmasına hazır olduqlarını elan edib.

“Jerusalem Post” qəzetinin yaydığı məlumatda isə deyilir ki, Baş Nazir Binyamin Netanyahu iyunun 21-də xəbərdar edib: maska taxılması və sosial məsafəyə riayət olunması tələbləri kütləvi şəkildə pozulacağı təqdirdə hökumət tamamilə lokdaun tətbiq etməyə hazırdır.

Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası 2019-cu ilin sonunda Çində baş qaldırıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya elan edib.

Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, dünyada bu xəstəliyə yoluxanların ümumi sayı 8,97 milyon nəfəri keçib. Onlardan 468,8 mini vəfat edib.
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed