Şrift:
İranda dolların məzənnəsi 20 min tüməni keçib
24.06.2020 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün yayılan məlumatlara əsasən, ölkədə dolların məzənnəsi yeni rekord həddə- 20530 tümənə yüksəlib.


Avronun dəyəri də bu gün 23 tüməni keçərək, ölkə tarixində yeni rekord həddə çatıb. Qızıl sikkə isə 8 milyon 800 min tümənə qədər bahalaşıb.


İranlı rəsmilər son günlər xarici valyutaların kəskin bahalaşmasını "dövrü" adlandırırlar. Mərkəzi Bankın sədri Ədbülnasir Himməti bu səbəbdən stabillik yaratmaq üçün dövriyyəyə əlavə xarici valyutanın buraxılmayacağını deyir.


Prezident Həsən Ruhani isə hökumətin İqtisadi Qərargahının bu gün keçirilən iclasında valyuta bazarında yaşanan şoku "beynəlxalq arenada İran əleyhinə baş tutan psixoloji əməliyyat və addımlarla" əlaqələndirib. O, mövcud vəziyyətdən çıxış yolunun ixracatçıların xaricdən əldə edilən valyutanı iqtisadi dövriyyəyə qaytarmasından keçdiyini deyib.


Bununla yanaşı, Mərkəzi Bankın sədri Ədbülnasir Himməti bu gün "Mehr" agentliyinə verdiyi müsahibədə ilk dəfə olaraq ixracatçılarla bağlı statistikanı açıqlayıb və qeyd edib ki, təqribən 250 ixracatçı xaricə məhsul satışından əldə edilən 6.8 milyard avro dəyərində valyutanı ölkənin iqtisadi dövriyyəsinə daxil etməyib.


İranda xarici valyutanın bahalaşması son bir neçə həftədir davam edir. Amma keçən həftənin 5-ci günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qubernatorlar Şurasının İranla bağlı qətnamə layihəsini qəbul etməsindən sonra bu proses daha da sürətlənməyə başlayıb.


Həmin gün iqtisadçılar qətnamənin İranın pul vahidlərinin xarici valyutalar qarşısında ucuzlaşmasının daha da kəskinləşəcəyini proqnozlaşdırmışdılar. Bununla belə, Ədbülnasir Himməti yazdığı məqalədə bu proqnozları rədd etməyə çalışmış və Mərkəzi Bankın biznesmenləri ehtiyac duyduqları qədər xarici valyuta ilə təmin edəcəyinə dair vəd vermişdi.
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed