Şrift:
Türkiyənin Səhiyyə naziri: Qoruyucu maskadan istifadə etmək hər kəsin vətəndaşlıq borcudur
25.06.2020 [09:35] - Xəbərlər, Türk dünyası-Turan
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma riskini azaltmaq üçün qoruyucu maskadan istifadə etmək hər kəsin vətəndaşlıq borcudur. Bu tələbə əməl etmək mövcud vəziyyətdə mədəniyyət göstəricisidir.

Bu fikirləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Nazir mülahizələrlə əsaslandırıb ki, hazırda ölkə üzrə gündəlik yoluxma sayında artım müşahidə olsa da bu ikinci dalğa deyil. İyunun 27-də və 28-də ölkə üzrə ali məktəblərə qəbul imtahanlarının keçiriləcəyini xatırladan nazir diqqətə çatdırıb ki, imtahan yerlərinin qarşısında kütləvi şəkildə toplanmaq infeksiyanın yayılması üçün böyük təhlükədir. Ona görə də, sosial məsafə gözlənilməli, qoruyucu maskadan istifadə edilməlidir.

Qərara əsasən ali məktəblərə qəbul imtahanı keçirilən günlər yerli vaxtla saat 09.30-dan 15.00-dək, ertəsi gün isə saat 09.30-dan 18.30-dək evdən çıxmağa məhdudiyyət elan olunub.

Qeyd edək ki, iyunun 24-də Türkiyə üzrə 53 min 486 nəfər testdən keçirilib. Onlardan 1492 nəfər xəstə çıxıb. Gün ərzində 24 nəfər ölüb, 1386 nəfər sağalıb. Beləliklə məlum infeksiyadan ölənlərin sayı 5 min 25 nəfərə çatıb. Bugünkü yoluxma sayı dünənkindən 114 nəfər çoxdur
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed