Şrift:
Yaponiyanın Okutama qəsəbəsi və ya təbiət möcüzəsi
28.06.2020 [11:40] - Xəbərlər, Siyasət
Bir çox özünəməxsus xüsusiyyətləri ilə seçilən Yaponiyada fəsillər də digər ölkələrdən fərqlənir. Yerli inanclara görə burada dörd yox, altı fəsil mövcuddur. Onlardan biri – yağışlar fəsli bu gün Yaponiyada ən qızğın dövrünü yaşayır. Sakit okeanda yaranaraq bu Gündoğar ölkəyə doğru hərəkət edən fırtınalar fəslindən əvvəl, mayın sonlarından başlayaraq təqribən bir ay yarım davam edən bu fəsildə ölkə ərazisinə yağan yağışlar illik normanı bir neçə dəfə üstələyir. Yaz fəslinin sonuna doğru başlayan aramsız yağışlar başdan-başa yaşıllıqlar məskəni olan bu ölkəni təbii gözəlliklər yurduna çevirir. Adətən uca dağların başında yer alan duman aşağılara, çayların sahillərinə və yaşayış məskənlərinə enərək əsrarəngiz gözəlliklər yaradır. Məhz bu gözəlliklər həm yerli əhalini, həm də bu ölkəyə gələn çoxsaylı turistləri dağlara doğru hərəkətə cəlb edir.

Cari ildə bütün dünyada hökm sürən koronavirus pandemiyası ilə əlaqədar hökumət tərəfindən tətbiq edilən ölkə daxili hərəkətə məhdudiyyətlərin iyunun ortalarında aradan qaldırılması bizi də dağlara doğru hərəkətə keçməyə sövq etdi. Təbii gözəllikləri ilə yalnız yerli əhali arasında deyil, ölkəyə gələn turistlər tərəfindən də böyük maraqla qarşılanan Okutama qəsəbəsinə getməyi qərara aldıq. Səhər tezdən çıxdığımız yol boyunca adını daşıdığı fəslə uyğun şəkildə davam edən çiskin yağış bizi mənzil başına çatana kimi müşayiət etdi. Yolboyu qarşılaşdığımız gözəl təbiət mənzərələri isə səfər yoldaşlarımın hamısının böyük heyranlığına səbəb oldu.

Məlumat üçün qeyd edim ki, Okutama qəsəbəsi Tokio prefekturasının Nişitama qəzasında yerləşir. Ümumi sahəsi 223,65 kvadratkilometr olan qəsəbədə cəmi 5 mindən bir qədər çox əhali yaşayır. Bu qəsəbə uca dağları, gözəl meşələri, təmiz dağ çayları ilə yanaşı, dünyanın ən böyük meqapolislərindən biri olan paytaxt Tokionun su təminatında mühüm rol oynayan Okutama gölü ilə məşhurdur. Həmin göl süni şəkildə, dağ çaylarının qarşısında Oquçi bəndinin tikilməsindən sonra yaranıb. Bu bənd paytaxtın su təminatı ilə yanaşı, onun elektrik enerjisi ilə təchizatında da mühüm rola malikdir.

Bu gözəl təbiət guşəsinə səfərimiz koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin götürülməsindən cəmi bir gün sonra baş tutmuşdu. Ona görə də, gözlədiyimiz kimi, ətrafda insanlar adətən olduğundan çox az idi. Sosial məsafənin gözlənməsi barədə tövsiyəyə uyğun olaraq buradakılar bir-birindən aralı dayanmağa üstünlük verirdilər.

Yaponların yerli şəraitdən bacarıqla istifadə etmək qabiliyyəti buradan da yan keçməmişdi. Ətrafda insanların istirahəti üçün hər cür şərait yaradılmış, bu gözəl yerin tarixi, coğrafi xüsusiyyətləri, fauna və florası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilmişdi. Eyni zamanda, ərazidə inşa edilmiş diyarşünaslıq muzeyi də bu məlumatların əks olunduğu eksponatların bolluğu ilə diqqəti cəlb edirdi. Maraqlı məqamlardan biri buradakı kölgə saatı idi. Müasir texnologiyanın yeniliklərini əks etdirən həmin saat vasitəsilə siz xüsusi nöqtədə dayanaraq, kölgənizin köməyi ilə orada olduğunuz günü, saatı və dəqiqəni tam dəqiqliklə müəyyən edə bilərsiniz.

Səfər yoldaşlarımla əvvəlcə yerli diyarşünaslıq muzeyi ilə tanış olduq. Buradakı eksponatlar yerli əhalinin adət-ənənələrini, məşğuliyyət sahələrini, əkinçilik alətləri nümunələrini, festivallara aid fotoları, həmçinin milli geyimləri özündə əks etdirirdi. Muzeyin girişində quraşdırılmış böyük monitor vasitəsilə gölün yaranma tarixi, ilin müxtəlif fəsillərində buradakı təbiət mənzərələri, yerli festivallardan çəkilmiş videoları da izləyə bilərsiniz. Muzeyin yerləşdiyi binada, həmçinin yerli məhsullar satan mağaza, pəncərələri gölü və onun ətrafını seyr etməyə imkan yaradan restoran da var.

Muzeydən sonra Oquçi bəndi və gölün ətrafında yaradılmış Çiçibu-Tama–Kay milli parkı ilə tanış olduq.

Səfər zamanı fotoaparatın yaddaşına aldığım gözəl mənzərələri AZƏRTAC-ın oxucularına təqdim edir, gələcəkdə Yaponiyaya yolu düşənlərə isə mütləq bu gözəl yerlərə səyahət etməyi təklif edirəm.
Bu xəbər oxucular tərəfindən 191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed