Şrift:
Sabirabadda indiyədək 10 tondan çox barama istehsalı olunub
30.06.2020 [12:14] - Gündəm, İqtisadiyyat
Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla icra olunur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il rayonda 14 ton barama istehsal edilib. Cari mövsümdə isə 18 ton məhsul istehsalı nəzərdə tutulub və bunun üçün 234 kümçüyə 450 qutu ipəkqurdu toxumu paylanılıb. Dövlətin bu sahənin inkişafı üçün göstədiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya rayonda ipəkçiliyə olan marağı artırıb. Keçən il rayon üzrə 250 ailə barama istehsalı ilə məşğul olmuşdursa, bu mövsüm 234 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.

Artıq xeyli vaxtdır ki, sabirabadlı kümçülər bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar. İndiyədək tədarük məntəqəsinə 10 ton 226,1 kiloqram barama təhvil verilib.

Yastıqobu kənd sakini Ramiz Əhmədov bir neçə ildir ki, ipəkqurdu bəsləyir və hər il də yaxşı nəticə əldə edir. “Ötən il ailə üzvlərimlə birlikdə 1,5 qutu ipəkqurdu bəsləyərək 85 kiloqram barama tədarük etdik. 35-40 gün ərzində istehsal etdiyimiz məhsuldan 815 manat gəlir götürdük. Bu il də 1,5 qutu ipəkqurdu toxumu götürüb bəsləmişik və 90 kiloqram məhsul tədarük etmişik. Məhsula görə qazancımız ötən ildəkindən də çox olacaq”, - deyə kümçü bildirib.

Rayonda barama tədarükü davam edir. Qeyd edək ki, son 5 ildə Sabirabadda baramaçılığın inkişafı məqsədilə 123 min ədəd tut tingi əkilib.
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed