Şrift:
İranda xristianlığı qəbul edən daha 7 nəfər həbsə, sürgünə və nağd pul cəriməsinə məhkum edilib
30.06.2020 [14:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Buşehr inqilab məhkəməsi, yeni xristianlar Həbib Heydəri, Sam Xosrəvi, Məryəm Fəllahi, Sasan Xosrəvi, Mərcan Fəllahi, Puriya Peyma və Fatimə Talibini sistemə qarşı təbliğat aparmaqda, ev şəraitində idarə olunan kilsə iclaslarına qatılmaqda, xristianlığı təbliğ etməkdə və xaricdə yaşayan iranlı xristian təbliğatçılarla əlaqə saxlamaqda günahlandıraraq, həbsə, sürgünə və nağd pul cəriməsinə məhkum edib.


Məhkəmənin qərarı ilə həmçinin yeni xristianlar iş yerlərindən və ictimai hüquqlarından da məhrum ediliblər.



Bildirilir ki, Buşehr məhkəməsinin çıxardığı hökmə əsasən, yeni xristianlar arasında Sam və Sasan Xosrəvinin hər biri 1 il həbsə, 2 il isə sürgünə məhkum edilib.



Həmçinin Buşehr xəstəxanalarından birində tibb bacısı işləyən və 20 il iş stajı olan Məryəm Fəllahi isə, 80 milyon rial nağd pul cəriməsinə məhkum edilərək, dini əqidəsinə görə iş yerindən məhrum edilib.



Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Buşehr şöbəsinin əməkdaşları yeni xristianları düz bir il əvvəl, yəni 2019-cu ilin iyun ayında şəxsi mənzillərində tutub naməlum istiqamətə aparmışdılar. Hər 7 xristianın mənzillərində yoxlamalar aparılmış, onlara məxsus noutbuklar, mobil telefonları, bank kartları, xristianlığa aid kitablar və bir sıra digər şəxsi əşyalar götürülmüşdü.



Yeni xristianlar 2 həftə yerli ETTELAAT idarəsinin təcridxanasında saxlandıqdan sonra, hər biri 300 milyon tümənlik mülki vəsiqə girivu qoyaraq, məhkəmələrinin keçirilməsinə qədər müvəqqəti olaraq azadlığa buraxılmışdılar.



Qeyd edək ki, İrandakı islam cəza qanununa görə, islamı tərk edərək başqa bir dinə, o cümlədən də xristianlığa keçənlər mürtəd sayıldıqlarına görə edama məhkum edilməlidir. Lakin beynəlxalq təşkilatların kəskin etirazını nəzərə alaraq, İran rejimi bu kimi şəxsləri açıq şəkildə edam edə bilmədiyinə görə, onlara qarşı alternativ cəzalar tətbiq edir, daima təzyiq və təqibə məruz qoyur.



1979-cu ildə, İranda radikal şiə ruhanilərin hakimiyyətə gəlişindən bu yana, ölkədə onlarla kilsə rəhbəri qətlə yetirilib, xristianlığı qəbul edən minlərlə adam həbs edilib və ya repressiyalara məruz qoyulub.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed