Şrift:
9108 “Çağrı Mərkəzi” gücləndirilmiş rejimdə fəaliyyət göstərir
30.06.2020 [15:42] - Gündəm, Sosial
Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib. Belə ki, həmin ərazilərdə iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir.

Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət”in 9108 “Çağrı Mərkəzi”nə müraciət edilməsi imkanı yaradılıb.

“Çağrı Mərkəzi” xidmətlərinin müasir texnologiyalardan istifadə edilməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib.

Vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla “Çağrı Mərkəzi”nin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təchiz ediliblər.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, gün ərzində mərkəzin əməkdaşları təxminən 12-14 mindən çox vətəndaş müraciəti qəbul edirlər. 9108 “Çağrı Mərkəzi” vasitəsilə müraciətlərin qəbulu xüsusi karantin rejimi müddətində nəzərdə tutulur. Müraciətlər bu müddətdə həftənin bütün günləri saat 09:00-dan 21:00-dək həyata keçirilir. Eyni zamanda, vətəndaşların daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədilə 24 saat avtomatlaşdırılmış rejimdə sorğuları cavablandıran sistem fəaliyyət göstərir.

Xatırladaq ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.

Əməkdaşlar üçün icazənin alınmasına görə isə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilir.
Bu xəbər oxucular tərəfindən 191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed