Şrift:
“Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabı nəşr olunub
02.07.2020 [14:38] - Gündəm, Mədəniyyət
AMEA-nın Zoologiya İnstitutunda “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, son illərdə onurğalı heyvan növlərinin bir çoxunun təsnifatında dəyişikliklər aparıldığından oxuculara təqdim edilən “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabında onurğalılar faunasına daxil olan dəyirmiağızlılar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər siniflərinə mənsub olan növlər yeni təsnifat statusu ilə daxil edilib.

AMEA Rəyasət Heyətinin Qərarına əsasən çap olunan kitab mütəxəssislər, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Xatırladaq ki, Zoologiya İnstitutunda aparılan çoxillik tədqiqatlar nəticəsində Azərbaycanın heyvanlar aləmində sərbəst yaşayan və parazit ibtidailərin, insanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən helmintlərin, hidrofaunaya daxil olan onurğalı və onurğasız heyvanların, həşəratların, hörümçəkkimilərin, suda-quruda yaşayanların, sürünənlərin, quşların və məməli heyvanların növ tərkibi öyrənilib və indi də öyrənilməkdədir.

Hazırda Azərbaycanın faunasında dəyirmiağızlılar (Cyclostomata) 1 növlə təmsil olunur. Xəzərin Azərbaycan sektorunda və Azərbaycanın daxili su hövzələrində balıqların 12 dəstəsinə mənsub olan 104 növün və bir sıra yarımnövlərin yayıldığı qeydə alınıb. Azərbaycanın amfibi faunasına 2 dəstə, 6 fəsilə, 9 cinsə aid olan 11 növ, sürünənlər faunasına isə 2 dəstəyə (tısbağalar və pulcuqlular) 63 növ daxildir. Son araşdırmalara görə, Azərbaycan ərazisində 19 dəstəyə, 65 fəsiləyə aid olan 407 quş növü, məməlilərin isə 7 dəstəyə aid olan 115 növü yayılıb.
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed