Şrift:
Bu mövsüm Saatlıda 135 kümçü ipəkqurdu bəsləyib
03.07.2020 [11:45] - Gündəm, İqtisadiyyat
Saatlıda dördüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son üç ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 124 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər həyata keçirilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800 qram) barama qurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər və digər kəndlərdən olan 135 kümçüyə paylanılıb.

Bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər bəslədikləri ipəkqurdlarından əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. Bu günədək rayon üzrə ümumilikdə 3 ton 242.7 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu Azadkənd, Bəylər, Varxan kəndlərinin baramaçıları istehsal edib.

Varxan kənd sakini Eyvaz Əsədov bu mövsüm 3 qutu ipəkqurdu toxumu götürərək bəsləyib. “Bu sahə rayonda yeni olduğundan digər kümçülər kimi ilk illər çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə yaxşı nəticələr əldə etmişəm. Bu il 3 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. İpəkqurdlarına yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çox olub. Bu günə kimi tədarük məntəqəsinə 174 kiloqram barama təhvil vermişəm”, - deyə kümçü bildirib.

Rayonda barama tədarükü sürətlə davam edir.

Qeyd edək ki, ötən il Saatlıda 52 ailə ipəkqurdu bəsləyib.
Bu xəbər oxucular tərəfindən 147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed