Şrift:
Yaponiyanın Kyuşü adasında fövqəladə vəziyyət davam edir
07.07.2020 [09:54] - Gündəm, Sosial
Artıq dörd gündür ki, Yaponiyanın Kyuşü adasında davam edən leysan yağışları ilə əlaqədar fövqəladə vəziyyət davam edir.

Meteoroloqlar Fukuoka, Saqa və Naqasaki prefekturalarında güclü yağışlarla bağlı fövqəladə xəbərdarlıq elan ediblər. Əhalidən ehtiyatlı olmaq, torpaq sürüşmələrindən və daşqınlardan qorunmaq xahiş olunur.

İyulun 7-də səhər saatlarında Oita prefekturasının Hita şəhəri yaxınlığında Çikuqo çayı daşıb. Çay boyunca daha bir neçə şəhərdə daşqınlar olacağı proqnozlaşdırılır. Əhaliyə təxliyə barədə xəbərdarlığa əməl etmək tövsiyə edilir.

Fukuoka prefekturasının Omuta şəhərində özünümüdafiə qüvvələrinin hərbiçiləri xilasetmə işlərini həyata keçirirlər. Buradakı təxliyə mərkəzi kimi seçilən ibtidai məktəb və ictimai mərkəz su altında qalıb. Həmin mərkəzlərdəki 240 nəfərin təxliyəsi davam edir.

Təbii fəlakət nəticəsində ən böyük zərərin Kumamoto prefekturasına dəydiyi bildirilir. Son məlumatlara görə, 53 nəfərin həyatını itirdiyi, 11 nəfərin isə itkin düşdüyü qeyd edilir.

Zərərçəkən rayonlarda qatarların, ekspress avtobusların hərəkəti dayandırılıb. Kumamoto, Oita və Kaqoşima prefekturalarında 6500-dən çox ev təsərrüfatının elektrik enerjisinin kəsildiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed