Şrift:
Qaradağ meşələrində yanğın baş verib
09.07.2020 [14:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin Böhranı İdarə etmə idarəsinin rəisi Məhəmmədbağır Hünərbərin verdiyi məlumata əsasən, iyulun 7-də başlayan yanğın hələ söndürülməyib.

Yanğın Xudafərin vilayətinin Qaratikanlı məntəqəsində baş verib. Alovun miqyası getdikcə böyüyür, lakin yanğını söndürmək üçün lazım olan vasitələr yoxdur.





Hünərbər yanğını söndürmək üçün ordudan, Təbriz yanğınsöndürmə idarəsindən və Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara cəmiyyətindən yardım istənildiyini bildirib.





“Hazırda yanğını söndürmək üçün əməliyyatlar davam edir. Günorta saatlarında yanğını söndürmək mümkün olsa da 3 nöqtədə yenidən başlayıb,” deyə rəsmi əlavə edib.

Hünərbər yanğının səbəbi kimi insan amilini göstərib.





Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.





Qaradağ meşələri ötən il YUNESKO tərəfindən ümumdünya irs siyahısına daxil edilməli idi, lakin ərazidəki qanunsuz tikinti işləri və mədənçilər tərəfindən meşəyə ziyan vurulması buna mane oldu və Qaradağ meşələrinin YUNESKO tərəfindən siyahıya alınması təklifi rədd olundu.
Bu xəbər oxucular tərəfindən 216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed