Şrift:
Yaponiyada güclü yağışların yarada biləcəyi fəsadlara qarşı hazırlıq işləri genişləndirilib
10.07.2020 [09:33] - Gündəm, Hadisə
Yaponiya sinoptikləri əhalini qarşıdakı günlərdə gözlənilən güclü yağışların yarada biləcəyi fəsadlarla əlaqədar hazırlıq işlərini gücləndirməyə çağırıblar.

Yaponiya ərazisində iyulun 4-dən başlayan güclü yağışlar kütləvi torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində həlak olanların sayı 65-ə çatıb, onlarla insan itkin düşüb.

Ən böyük zərər Kyuşü adasının cənub-qərb hissəsinə dəyib. Sel suları Kuma çayının üzərindəki körpünü yuyub aparıb. Çayın sahilindən keçən yol çöküb. Yaxınlıqdakı evlər palçıq və ağac qırıntıları ilə dolub.

Daşqınlar tarlalardakı və istixanalardakı məhsulları yararsız vəziyyətə salıb. Təxliyə mərkəzlərinə yerləşdirilmiş insanlar isə koronovirus pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri görməyə məcburdurlar.

Təbii fəlakət Hönşü adasında yerləşən prefekturalara da ciddi ziyan vurub. Kioto şəhərində torpaq sürüşməsi üç avtomobili yoldan vurub çıxarıb.

Qifu prefekturasında Hida çayının daşması nəticəsində 100-dən artıq ev su altında qalıb. Dəmir yoluna dolan palçıq və daşlar qatarların hərəkətinin dayanmasına səbəb olub. Rayonların əksəriyyətində ağır texnika hərəkət edə bilmədiyinə görə, insanlar təmizlik işlərini əlləri ilə aparmaq məcburiyyətində qalıblar.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 22 prefekturada 4700 ev su altında qalıb. Bir sıra rayonlarla əlaqə kəsildiyinə görə məlumatların tam olmadığı və bu səbəbdən də zərərin daha böyük olacağı gözlənilir.

Fövqəladə vəziyyət üzrə qərargahın son iclasında çıxış edən Baş nazir Şinzo Abe fəlakət rayonlarında axtarış-xilasetmə əməliyyatları və əhaliyə yardım üçün 130 min polis, yanğınsöndürən və özünümüdafiə qüvvələrinin əməkdaşlarının cəlb olunduğunu, həmin işlərin fasiləsiz olaraq davam etdirildiyini bildirib.

Baş nazir əhalini sayıq olmağa, son məlumatları əldə etmək üçün yerli hakimiyyət orqanları ilə sız əlaqə saxlamağa çağırıb.
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed