Şrift:
DYP: 1440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
10.07.2020 [11:09] - Xəbərlər, Sosial
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 9-da xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunan hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı ictimaiyyətə təqdim edib.

İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 9-da saat 00:00-dan iyulun 10-u saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1287 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 151 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu müddətdə Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 70-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 170, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 50-si rayon, 45-i paytaxt istiqamətinə olmaqla 95, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 175-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb. Ümumilikdə 595 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed