Şrift:
Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır
11.07.2020 [13:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüsyen Somi iyulun 10-da jurnalistlərə açıqlamasında məlumat yayıb.


O bildirib ki, hazırda Şərqi Azərbaycan əyalətinin Təbriz, Marağa, Mərənd, Miyana, Əhər, Binab, Çaroymaq, Sarab, Həştrud, Heris, Culfa və Horand şəhərlərində xəstəliklə bağlı qırmızı vəziyyət elan edilib: “Hesab edirik ki, əgər əhali gigiyena qaydalarına və xəstəliklə bağlı qoyulan məhdudiyyətlərə əməl etməsələr, qarşıdan gələn avğust və sentyabr (mordad və şəhrivər) ayları Şərqi Azərbaycan üçün ən pis və çətin aylar olacaq.


Şərqi Azərbaycanda hər gün 500 yeni koronavirusa yoluxma faktı qeydə alınır. Hazırda isə əyalətin müxtəlif xəstəxanalarında 801 nəfər müalicələrini davam etdirirlər. Təəssüflər olsun ki, həmin xəstələrin 127 nəfərinin vəziyyəti ağırdır və onlar mexaniki ventilyasiya (süni tənəffüs) aparatının yardımı ilə saxlanılırlar.


Hazırda xəstəxanalara qəbul edilən xəstələrin sayının artması, onu göstərir ki, biz “Covid-19” xəstəliyi ilə bağlı artıq böhran vəziyyətindəyik. Bundan başqa, Şərqi Azərbaycan əyalətinin müxtəlif şəhərlərində hazırda hər gün 180 nəfər xəstəxanalara qəbul edilir, müalicələrini bitirən 150 nəfər isə evə buraxılır” -deyə, Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüsyen Somi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed