Şrift:
Qanlıgöl yaylağında kartof yetişdirən qadın ailə təsərrüfatçısı
13.07.2020 [11:09] - Gündəm, İqtisadiyyat
Muxtar respublikanın Şahbuz rayonunun dağlıq ərazilərində kartof əkini üçün əlverişli şərait vardır. Bunu nəzərə alan rayonun Ayrınc kənd sakini, ailə təsərrüfatçısı Sürəyya Quliyeva da artıq bir neçə ildir ki, Qanlıgöl yaylağında kartof əkini ilə məşğul olur.

Hazırda becərmə işləri ilə məşğul olan ailə təsərrüfatçısı avtomobillərin hərəkət edə bilmədiyi ərazilərə atdan minik vasitəsi kimi istifadə edərək gedir. O, bu il Qanlıgöl yaylağında bir hektar sahədə kartof əkib.

Ailə təsərrüfatçısı deyib ki, bu yaylaqda beş ildir kartof əkir. Əkinin birinci ilində bir hektar ərazidən 31 ton kartof əldə etdiyini deyən Sürəyya Quliyeva qeyd edib ki, ildən-ilə bu işdə təcrübə topladıqca məhsuldarlıq da artıb. Yüksəkkeyfiyyətli toxumlardan istifadə edən ailə təsərrüfatçısı bu il də bol məhsul əldə edəcəyinə ümidvar olduğunu bildirib.

“Yaylağın torpağı məhsuldardır, həm də bulaq suyu ilə suvarılan məhsul daha da keyfiyyətli olur”, – deyən Sürəyya Quliyeva qeyd edib ki, buradakı qumsal torpaqlar və sərin hava kartofun daha yaxşı inkişaf etməsinə səbəb olur. Yaylaq ərazilərdəki mal-qaranın yataq yerlərindən toplanan üzvi gübrələr isə kartof bitkisinin inkişafı üçün əvəzedilməzdir. Bu ərazilərdə kartof əsasən iyun ayının əvvəllərindən əkilir və oktyabr ayının sonlarında yığılmağa başlanılır. Bu da soyuducu anbarlara ehtiyac olmadan məhsulun saxlanılmasına imkan verir.

Sürəyya Quliyeva həm də arıçılıqla, taxılçılıqla, meyvəçiliklə də məşğuldur. Ötən ilin payızında o, 188 hektar sahədə taxıl əkib. Bu ildən isə kiçik heyvandarlıq təsərrüfatı yaradıb.

Qeyd edək ki, Qanlıgöl yaylağı düşmənlə sərhəd ərazidə yerləşir. Ona görə də vaxtilə düşmənin təxribatları səbəbindən burada insanların heyvandarlıqla, təsərrüfat işləri ilə məşğul olmaları mümkün olmurdu. Ötən illərdə qüdrətli Əlahiddə Ümumqoşun Ordunun strateji yüksəkliklərdə yaratdığı möhkəm müdafiə sistemi bu gün ailə təsərrüfatlarının burada sərbəst fəaliyyətinə şərait yaradıb, həmin ərazidə obalar salınıb, heyvanlar yaylağa gətirilib. Münbit torpaqlar əkin işlərinin aparılmasına da imkan verib.
Bu xəbər oxucular tərəfindən 149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed