Şrift:
Azərbaycanın Finlandiyadakı diasporu Ermənistanın təxribatını pisləyən bəyanat yayıb
13.07.2020 [11:34] - Xəbərlər, Siyasət
Azərbaycanın Finlandiyadakı diasporu Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutublar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-hücum tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribat-hücum cəhdlərinin qarşısı alınıb. Baş vermiş atışma nəticəsində Azərbaycan Ordusunun əsgərləri arasında şəhid olan və yaralananlar var.

Bəyanatda deyilir: “Biz Finlandiyada yaşayan azərbaycanlılar olaraq Ermənistan silahlı qüvvələrinin növbəti təxribatçı əməlini kəskin şəkildə pisləyirik. Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumu təcavüz, güc tətbiq etmə aktı və növbəti təxribat cəhdi kimi qiymətləndiririk. Avropada yaşayan azərbaycanlılar olaraq bu təxribatı Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi dəyərləndiririk”.

Bəyanatda vurğulanılır ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etməklə yanaşı, yeni təxribat metodlarından da istifadə edir və Azərbaycanı təxribata çəkərək dünyanın diqqətini başqa səmtə yönəltməyə çalışırlar.

“Finlandiya azərbaycanlıları olaraq biz dünya ictimaiyyətinə bildiririk ki, pandemiya dönəmində bölgədə vəziyyətin daha da gərginləşməsinə xidmət edən belə təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın hazırki rəhbərliyinin və Ermənistan dövlətinin üzərinə düşür. Azərbaycanın güclü ordusu ölkəmizin hər qarış torpağını qorumağa qadirdir. Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərini beynəlxalq hüquqla müəyyən edilmiş özünümüdafiə hüququ çərçivəsində azad etmək hüququ var”.

Qeyd edək ki, bəyanat Finlandiya parlamentinə təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed