Şrift:
İndoneziya saytı Azərbaycan Təhlükəsizlik Şurasının iclası barədə informasiya yayıb
14.07.2020 [12:19] - Xəbərlər, Siyasət
İndoneziyanın “respublika.co.id” saytı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının son iclası barədə informasiya yayıb.

“İlham Əliyev: Azərbaycan torpaqlarını Ermənistana güzəştə getməyəcəkdir” adlı İndoneziya dilində yayılan xəbərdə iyulun 12-də Ermənistan ordusunun artilleriya qurğularından istifadə etməklə Azərbaycanın Tovuz rayonunu atəşə tutduğu bildirilir. Qeyd edilir ki, yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Prezidenti iyulun 13-də Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda Ermənistan ordusunun Tovuz rayonu ərazisində, Azərbaycanla birbaşa sərhəddə həyata keçirdiyi təxribat barədə ətraflı məlumat verilib.

İnformasiyada Ermənistanın son aylar belə təxribatları tez-tez törətdiyi, nəticədə Azərbaycan əsgərlərinin və dinc sakinlərin həlak olduğu bildirilib.

Prezident İlham Əliyevin düşmən hücumunun heç bir nəticə vermədiyi barədə fikirlərinin əks olunduğu yazıda Azərbaycanın öz sərhədlərini etibarlı şəkildə qoruduğu da vurğulanıb.

Dövlətimizin başçısının sözləri sitat gətirilərək qeyd edilib: “Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir”.

Bildirilib ki, Ermənistanın bu hərbi təxribatı Azərbaycan ərazilərini işğal məqsədi daşıyır. Bu, səhv və təhlükəli siyasət Ermənistanı “dərin uçuruma” aparır. Prezident İlham Əliyev deyib ki, Azərbaycan öz sərhədlərinin toxunulmazlığını və ərazilərinin bütövlüyünü qorumaqda davam edəcəkdir. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən təxribat bu ölkənin rəhbərliyinin işğalçı siyasətinin nəticəsidir. “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”, – deyə dövlətimizin başçısı vurğulayıb.

İnformasiyada, həmçinin Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara müraciət etdiyi və vəziyyət sabitləşən kimi bu təşkilatların nümayəndələrinin sərhəddəki vəziyyəti öz gözləri ilə görməsi üçün regiona səfərlərinin təşkil olunacağı da əksini tapıb.

Bununla yanaşı, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyənin həmişə Azərbaycanın yanında olduğu və onun haqq işini dəstəklədiyi də qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed