Şrift:
Ermənistan hakimiyyəti təxribatçı həmləni dövlət sərhədindən etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətindədir
14.07.2020 [14:42] - Gündəm, Siyasət
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi yalnız təcavüz deyil, eyni zamanda, güc tətbiqi aktı və hərbi təxribatdır.

Bu fikirlər açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

O qeyd edib ki, Ermənistanın təcavüz aktı beynəlxalq hüququn bir-biri ilə üzvi surətdə bağlı olan, bir-birini şərtləndirən 4 əsas prinsipi - güc tətbiq etməmək və ya güclə hədələməmək, beynəlxalq mübahisələri dinc yolla həll etmək, sərhədlərin toxunulmazlığı, ən nəhayət, dövlətlərin ərazi bütövlüyü prinsiplərinin kobud pozuntusudur. Nəzərə alanda ki, burada sadaladığımız hər bir prinsip hüquqi normadır və deməli, özündə konkret normativ məzmun, yəni müəyyən beynəlxalq hüquqlar və müvafiq öhdəliklər ehtiva edir, Paşinyanın bu təcavüz aktı ilə Ermənistanın olan-qalan beynəlxalq imic və nüfuzunu bir daha alt-üst etməsi mübahisə doğurmur.

Onun sözlərinə görə, erməni tərəfi üçün üzdə görünən, ilkin məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirtmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Ermənilər planlaşdırılmış qəfil hücumla nəticə etibarı Azərbaycan ordusunun 4 hərbçisinin qanına bais oldular. Azərbaycanda bununla bağlı dərhal ictimaiyyəti məlumatlandırıldı, məsələni şəxsən Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətə götürdü, hər 4 şəhid ailələrinə təhvil verildi, ən yüksək ehtiramla bütün milli-dini adətlərə riayət edilməklə torpağa tapşırıldı.

Deputat əlavə edib ki, Ermənistan müdafiə nazirliyi isə itki verilmədiyini iddia edir, baxmayaraq ki, artıq sosial şəbəkələrdə ermənilər özləri 30-dan artıq əsgərin məhv edilməsini etiraf edirlər, habelə Azərbaycan Müdafiə Nazirliyi əhəmiyyətli sayda erməni canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsinə dair təkzibolunmaz sübut – əməliyyat videogörüntüləri ortaya qoyur. Nəticə etibarı ilə, görünən odur ki, Paşinyan hakimiyyəti xəstə təfəkkür və ideallar naminə hətta əsgər meyitlərini belə gizləməyə, yaxud itirməyə qadir olacaq qədər şərəf və heysiyyətini itirib, bir sözlə, Ermənistana vəzifə uğruna istənilən qədər insanı qurban verə biləcək, mənəvi deqradasiyaya uğramış və artıq dayaqlarını itirmiş hakimiyyət rəhbərlik etməkdədir. Aydındır ki, hakimiyyətə etimadının itməsi, müxalifətin vahid cəbhədə birləşməsi prosesləri fonunda Ermənistan hakimiyyəti iqtidarını qorumaq üçün əhalinin diqqətini daxili problemlərdən yayındırmaq, ölkə daxilində müşahidə olunan ciddi gərginliyi başqa istiqamətdə yönəltmək, azaltmaq məqsədi ilə bu təcavüz aktına cəhd edib. Paşinyanın son günlər müharibə ritorikası isə ermənilərin son döyüşlərə uzunmüddətli hazırlıqlarından xəbər verir. Lakin Paşinyanın əsas səhvi qarşısındakı əsgərin və dəfələrlə onu diplomatik arenada əzişdirməsinə baxmayaraq, rəqib komandanın gücünü yenə də hesablaya bilməməsi oldu. Nəticələr Ermənistan üçün dəhşətli olmaqla yanaşı, bir neçə maraqlı nüansı üzə çıxardı. “İlk olaraq bu təxribat onu nümayiş etdirdi ki, Azərbaycan ordusu tam komplektləşmiş, vahid komandadan idarə olunan, çevik hərəkət imkanlarına malik sözün əsl mənasında düşməni üçün dəhşət saça biləcək qüvvədir. Eyni zamanda, Azərbaycan Ordusunun əks-tədbirlərinin adekvat xarakter daşıması dövlətimizin beynəlxalq hüququn prinsiplərinə sadiqliyini, hədəf olaraq yalnız dəqiqliklə hərbi obyektlərin seçilməsi isə ordunun peşəkarlığı ilə yanaşı, beynəlxalq humanitar hüququn tələblərinə hörmətinin ifadəsidir” , - deyə Milli Məclisin deputatı vurğulayıb.

O əlavə edib ki, Ermənistan tərəfi son nəticə olaraq əks effektlə qarşılaşdıqdan sonra ümidi Azərbaycandan ərazi əldə etmək barədə dezinformasiyalar yaymaqda gördü. Təbii ki, bu hal artıq kreslosu laxlayan Paşinyan üçün yeganə çıxış imkanı idi, lakin Azərbaycan tərəfinin əsaslı arqumentləri qarşısında erməni tərəfi bu söhbəti açdığı kimi də bağlamalı oldu.

Deputat diqqətə çatdırıb ki, Ermənistan hakimiyyəti təxribatçı həmləni Azərbaycanın işğal altındakı torpaqlarından yox, dövlət sərhədlərindən etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri üzrə ərazisinə Azərbaycanın təcavüzkar hücumu kimi göstərmək niyyətində idi. Lakin, əksinə, beynəlxalq ictimaiyyət üçün aydındır ki, Azərbaycanın hücum niyyəti olarsa, öncə işğal altındakı torpaqları azad edilməsinə üstünlük verər. Çünki, BMT-nin nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlətin də özünümüdafiə hüququ var və hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər. Belə olan halda Tovuz istiqamətindən hücuma keçib beynəlxalq narahatlığı üzərinə çəkmək əlbəttə Bakı üçün ilkin mərhələdə uğurlu variant olmazdı. Buna görə də siqaret qaçaqmalçısı Paşinyanın sərsəm planı ilk gündən iflasa uğradı.

“Bölgədə bu gün də vəziyyət gərgin olaraq qalır. Azərbaycanın müttəfiqləri birmənalı olaraq rəsmi Bakıya dəstəklərini ifadə etdilər. Ermənistanın heç bir müttəfiqindən isə səs gəlmədi. İrəvanın əsas güvənc yeri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın isə Azərbaycan istiqamətində boş bir giliz də atmayacağı hər kəsə bəllidir. Uğursuz həmlə ilə, Paşinyan, eyni zamanda, hayları bu acı həqiqətlə üz-üzə qoymuş oldu. Bütün bunların, habelə Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi fonunda, qısamüddətli Paşinyan erasının sonunu görmək çətin deyil” , - deyə B. Məhərrəmov vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed