Şrift:
Vaqif Dərgahlı: Düşmənin hərbi texnikalarına və döyüş vasitələrinə sarsıdıcı zərbələr endirilir
14.07.2020 [15:53] - Xəbərlər, Hərb
İyulun 12-dən başlayaraq düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyəti gərginləşdirərək mövqelərimizə və yaşayış məntəqələrimizə hücum etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks tədbirlər nəticəsində düşmənin fəaliyyətinin qarşısı alınıb və o, geri oturdulub.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı iyulun 14-də keçirdiyi brifinqdə deyib.

V.Dərgahlı qeyd edib ki, iyulun 13-ü gecədən başlayaraq və bu gün səhər saatlarından Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüş davam edir. Bölmələrimizin cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliyində olan ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Düşmən tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Bilirsiniz ki, həmişə vəziyyət gərginləşdikdə düşmən tərəfi dərhal yaşayış məntəqələrimizi atəşə tutmağa başlayır. Bu gün də yaşayış məntəqələrimizin atəşə tutulması davam edib. Ancaq Azərbaycan hərbçilərinə Ermənistanın mülki əhalisinə deyil, düşmən ordusunun bölmələrinin döyüş mövqelərində olan hərbi texnikalarına və döyüş vasitələrinə zərbə endirilməsi ilə bağlı əmr verilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun generalının və yüksək rütbəli bir neçə zabitinin şəhid olduğunu vurğulayan Vaqif Dərgahlı deyib ki, bu hal ordumuzda generallarla əsgərlərin bir çərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq etdi. Bir daha sübut olundu ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, doğma torpağını müdafiə etmək üçün öz canını hər an qurban verməyə hazırdır.

“Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Xalqımızı əmin edirik ki, Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın bütün əmrlərini həyata keçirməyə hazırdır və buna qadirdir. Xalqımız əmin ola bilər ki, Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymayacaq və onların qisası tezliklə alınacaqdır”, -deyə polkovnik Vaqif Dərgahlı qeyd edib.
Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed