Şrift:
“Azərbaycan Mədəniyyət Ocağı” Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib
15.07.2020 [14:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təşkilatın sözçüsü və sədri Ziya Sədrüləşrafi yaydığı bir video-çarxda Abbas Lisaniyə qarşı çıxarılan hökmü İran ədliyyə sisteminin qalın ədalətsizlik dosyesinə daha rüsvayçı bir səhifənin əlavə edilməsi kimi dəyərləndirib.





“İranın da imzaladığı Ümumdünya İnsan hüquqları Bəyannaməsinə əsasən, dil və mədəniyyət azadlığı uğrunda dinc fəaliyyət göstərmək cinayət sayılmır. Əksinə bu kimi sivil fəaliyyətlər həmin fərd və ya qrupun siyasi düşüncəsinin inkişafının göstəricisidir,” deyə o bildirib.







Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.





Xatırladaq ki, son günlərdə İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri, siyasi fəallar və insan hüquqları təşkilatları Abbas Lisaniyə qarşı çıxarılan hökmə reaksiya göstərərək bu hökmün ləğv edilməsini istəyiblər.





Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu, həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal və yazıçı Yusif Əzizi Bənitorof və Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif, eləcə də Türkmənsəhra İnsan Haqları Kampaniyası fəalı Sadıq Rəcəbiyan Təmək və Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurasının katibi Yusif Kor daha öncə tanınmış fəal barəsində çıxarılan həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeydsiz-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed