Şrift:
Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı silsilə tədbirlər keçirilib
16.07.2020 [09:46] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar silsilə mərasimlər keçirilib.

Ölkənin hər yerində anım tədbirləri, bədii proqramlar və mövzuya dair digər tədbirlər təşkil olunub. Ankarada Prezident Administrasiyasının divarlarında faciəli gecənin gerçəklərini anladan işıqlandırma olub. İstanbul boğazında səmada 200 pilotsuz aparatla dövlət simvolları görkəmində “üzən ulduzlar” işıqlandırma mərasimi təşkil olunub. Al-əlvan geyimdə yüz konüllünün iştirakı ilə İstanbulun məhşur Ayasofiya meydanında əvvəlcə Türkiyə xəritəsinin bənzərində dövlət bayrağı, sonra “Tək millət, tək bayraq, tək dövlət”, “15 Temmuzu unutma” və “15 Temmuz demokratiya zəfəri” mövzularında koreografiyalar nümayiş olunub. Digər böyük şəhərlərdə də bənzər mərasimlər təşkil olunub. On minlərlə insan nümayişləri seyr edib. Ölkədəki bütün məscidlərdən şəhidlərin ruhuna dualar oxunub. Basqına məruz qalan inzibati binalarda, qan tökülən küçə və meydanlarda xüsusi tədbirlər keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan Demokratiya və Milli Birlik Günü münasibətilə xalqa xitab edib. Dörd il əvvəl ölkənin işğal cəhdinə məruz qaldığını diqqətə çatdıran dövlət başçısı deyib ki, Türkiyə xalqı şanlı qəhrəmanlıq nümayiş etdirərək dövləti fəlakətdən qoruyub.

Bundan başqa, Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyul hadisələrində şəhid olanların ailə üzvləri və qazilərlə birlikdə Ankarada “15 Temmuz” abidəsi önünə tər çiçəklər düzüb, bilikdə nahar edib. Türkiyə Böyük Millət Məclisində rəsmi mərasim keçirilib.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı il iyulun 15-də dövlət çevrilişinə hərbi cəhd göstərib. Nəticədə 251 qəhrəman türkiyəli şəhid olub, 2 min 194 nəfər yaralanıb. İllər uzunu tədricən bütün dövlət strukturlarında möhkəmlənən FETÖ-çülər dörd il əvvəl zaman-zaman dövlətə və xalqa etdikləri xəyanəti hərbi cinayət səviyyəsinə qaldırıblar. Bu çevriliş cəhdi nəticəsində Türkiyə dövlətinə və xalqına böyük həcmdə maddi və mənəvi zərər vurulub. Həyata keçirilən hüquqi tədbirlər nəticəsində dövlət çevrilişində iştirak etmiş çox sayda vəzifəli şəxs, o cümlədən hərbi qulluqçu, məhkəmə hakimi, prokuror həbs edilib. Qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlətçiliyini əzmlə qorudu. Artıq dördüncü ildir ki, Türkiyə xalqı mütəşəkkil qaydada dövlət çevrilişinə cəhdin qarşısının alınması prosesini qürur və iftixarla qeyd edir. Baş verən faciəli, lakin şərəfli hadisələrin dördüncü ildönümündə Türkiyə dövlətinin və millətinin sərgilədiyi qətiyyətli mövqe bir daha deməyə əsas verir ki, bu xalq həm tarix yaratmaq, həm də onu qorumaq üçün zəngin ənənələrə malikdir.

Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Türkiyənin yanında olub, dövlətin qorunmasına dəstəyini əsirgəməyib.

15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar proqramların əsas hissəsi Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsi tərəfindən təşkil və idarə olunub.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed