Şrift:
Azərbaycan hökuməti “Siyasi partiyalar haqqında” qanunla bağlı Venesiya Komissiyasının təklifini qəbul etməyib
28.10.2011 [12:38] - Siyasət
VK xarici vətəndaşların Azərbaycanda partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olmasını təklif edir

“Avropa Şurası Venessiya Komissiyası təklif edib ki, xarici vətəndaşlar Azərbaycanda partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olsunlar. Lakin Azərbaycan tərəfi bu təkliflərlə razılaşmayıb”. APA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Venesiya Komissiyası (VK) ilə Azərbaycan hökuməti arasında “Siyasi partiyalar haqqında” qanun layihəsinə dair aparılan müzakirələrdən danışarkən deyib.

Şöbə müdirinin sözlərinə görə, Avropa Birliyi ölkələrində siyasi inteqrasiya tendensiyası mövcud olduğuna görə, Avropa ölkələrində xarici vətəndaşlar siyasi partiyaların üzvü ola, yaxud xarici dövlətə mənsub strukturlar siyasi partiyaları maliyyələşdirə bilər: “Lakin bu Avropa Birliyinə aid tendensiyadır və biz belə hesab edirik ki, bu tendensiyanın
Azərbaycanda tətbiqi mümkün deyil”.

Ə. Həsənov VK-nın digər tövsiyələr verdiyini və iradlar bildirdiyini də deyib: “Hazırda bu irad və tövsiyələr ətrafında iş gedir”.

Şöbə müdiri “Siyasi partiyalar haqqında” qanun layihəsinin müvafiq standartlara uyğunlaşdırılandan sonra parlamentin müzakirəsinə çıxarılacağını bildirib: “Layihə millət vəkillərinin də irad və tövsiyələri nəzərə alınmaqla, rəy üçün yenidən Venesiya Komissiyasına göndəriləcək”.
Bu xəbər oxucular tərəfindən 1355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed