Şrift:
Yaponiyada COVID-19 ilə bağlı vəziyyətə baxmayaraq, Baş Nazirin reytinqi artıb
20.07.2020 [10:36] - Xəbərlər, Siyasət
Yaponiyada hökumətin koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyi siyasətdən narazılığa baxmayaraq, Baş Nazir Şinzo Abenin reytinqi ötən ayla müqayisədə 2,1 faiz artaraq, 38,8 faiz təşkil edib.

Bu barədə Kyodo agentliyinin apardığı sorğunun nəticələrinə görə bildirilib.

Respondentlərin 66,4 faizinin rəyinə görə, hakimiyyət orqanları infeksiyanın kəskin artımını nəzərə alaraq, yenidən fövqəladə vəziyyət rejimi tətbiq etməlidir. Bu ərəfədə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib ki, hökumət fövqəladə vəziyyət rejiminin tətbiqinə ehtiyac duymur.

Hökumətin daxili turizmi bərpa etmək məqsədilə “Go To Travel” şirkətinə yaşayış və nəqliyyat xərclərinin əlli faizinin kompensasiya şəklində ödənməsi barədə qərarı da narazılıqla qarşılanıb. Hakimiyyət orqanlarının paytaxt Tokionu bu siyahıdan çıxarmaq barədə qərarına baxmayaraq, respondentlərin 62,7 faizi həmin kampaniyanın dayandırılmasını tələb edir.

Bununla yanaşı, rəyi soruşulanların yarıdan çoxu, bir ay əvvəl də olduğu kimi, Tokio Olimpiya Oyunlarının təkrar təxirə salınmasını və ya tamamilə ləğvini dəstəklədiyini bildirib. Belə ki, onların 36,4 faizi Oyunların təxirə salınmasının, 33,7 faizi isə tamamilə ləğvinin tərəfdarıdır.

Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumətin fəaliyyətindən narazı olanların ümumi miqdarı da ötən ayla müqayisədə aşağı düşərək 48,5 faiz təşkil edib.

Agentliyin bildirdiyinə görə, sosial araşdırma telefon vasitəsilə iyulun 17-dən 20-dək keçirilib. Sorğuda 1041 nəfər iştirak edib.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed