Şrift:
Erməni miqrantlar Türkiyədən çıxarıla bilər
25.07.2020 [11:53] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Türkiyədə yüz minə yaxın qanunsuz erməni miqrantı yaşayır. Onların ölkələrinə nə üçün geri qaytarılmadığı hər zaman müzakirə mövzusudur. Hər kəsə bəllidir ki, ermənilər Türkiyəyə ərazi iddiaları irəli sürür, hər yerdə türklərə təhdid yaradırlar. Amma bütün bunlara baxmayaraq, qardaş ölkə qanunsuz erməni miqrantlarını ölkədən çıxarmağa tələsmir.

Vaxtilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan humanizm anlayışına görə buna getmədiklərini bildirmişdi. Amma indi situasiya tamam dəyişib. Ermənistanın iyulun 12-də cəbhənin Tovuz rayonu istiqamətindəki təxribatlarından sonra fərqli durum yaranıb. Qardaş Türkiyə təxribatlardan sonra döyüş gedən günlərdə Azərbaycana tam dəstəyini ifadə etdi. Belə bir şəraitdə heç şübhəsiz ki, erməni miqrantların Türkiyədən çıxarıla biləcəklərinə ümidlər yaranıb. Bundan əlavə, ermənilər tez-tez Türkiyənin də ortaq olduğu neft-qaz kəmərlərini hədələyirlər. Hətta Ərdoğanın Tovuz təxribatları ilə bağlı bəyanatında buna açıq işarələr vardı.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ermənilərə meydan verilməsinin tam əleyhinədir:


“Bu məsələlərdə Türkiyənin ortaya qoyduğu mövqe təbii ki, Azərbaycanı tam şəkildə qane edir. Türkiyə Azərbaycana olan bu basqıda bütün şərtlər daxilində ölkəmizin yanında olduğunu bəyan etdi, həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi, həm də prezident səviyyəsində. Çavuşoğlu bildirdi ki, biz indiyə qədər məsələnin siyasi çözümündə Azərbaycanın yanındayıq deyirdik, amma indi bütün çözüm yollarında Azərbaycanın yanındayıq. Bir daha təkrarladı ki, bu cümlə sadə bir cümlə deyil. Əgər biz təşəbbüslə çıxış etsək ki, Türkiyədə yüz minə yaxın qanunsuz erməni miqrant var, orada işləyirlər, onların çıxarılması vacib şərtdir, məncə Türkiyə bunu müzakirəyə çıxarar. Çünki şərtlər dəyişib. Azərbaycana qarşı olan bu basqı böyük qlobal siyasətin tərkib hissəsidir. Təkcə Azərbaycana deyil, həm də Türkiyəyə olan basqıdır.

Fərəc Quliyev: “Azərbaycan istəsə, bu məsələnin müzakirəyə çıxarılmasına nail olar”

Qardaş ölkənin son zamanlar Liviya, Ağ dəniz siyasətinə, o cümlədən, qaz istehlakı ilə bağlı yürütdüyü siyasətə təpkidir. Hesab edirəm ki, bütün bu məsələlərə görə qeyd etdiyiniz məsələyə qardaş dövlət baxa bilər. Əgər bir əhali gəlib Türkiyədə işləyib, pul qazanıb, burada türk dünyası əleyhinə fəaliyyət göstərəcəksə, onlara meydan vermək olmaz. Bu başqa bir məsələdir ki, humanizm prinsiplərini əgər önə çəkirlərsə, Türkiyədə yaşayan erməni əsilli türkiyəlilərə heç bir fərq qoyulmur. Onların normal şəkildə məsələlərinə baxılır. Orada etnoslara hansı münasibət varsa, erməni əsilli türkiyəlilərə də o cür münasibət var. Məncə bu məsələ ilə bağlı Türkiyədə müəyyən dairələrlə danışıqlar aparmaq olar. Necə ki, bu gün Azərbaycan diasporu dünyanın hər yerində türkiyəli dostlarımızla bir yerdə ermənilərin Tovuzdakı təxribatları, ümumiyyətlə, Azərbaycana olan basqıları ilə bağlı etirazlar edirlərsə, bu məsələdə də çiyin-çiyinə olmaq lazımdır. Bu günləri Azərbaycanın iş adamları Moskvada və başqa yerlərdə əgər ermənilərə qarşı indiyə qədər olmayan aksiyalar keçirirlərsə, onları boykot edirlərsə, bəlkə bu səpkidə də türkiyəli iş adamlarına müraciət etmək lazımdır ki, dünyanın hər yerində ermənilərə qarşı eyni təpkini göstərsinlər. Hesab edirəm ki, orada qanunsuz şəkildə fəaliyyət göstərən yüz minə yaxın Ermənistan vətəndaşına meydan verməyə dəyməz. Məncə bu məsələ müzakirəyə çıxarıla bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed